Şəhid ailəsinin mənzili əlindən alınıb - ŞİKAYƏT

Şəhid ailəsinin mənzili əlindən alınıb - ŞİKAYƏT

Hüquq demokratik dövlət quruculuğunda inamla irəliləyən Azərbaycanda qəbul edilən qanunların, eləcə də, Prezidentin fərman və sərəncamları yalnız insanların hüquq və azadlığının müdafiəsi ilə bağlıdır. Ölkəmizdə insanların daha rahat, asudə, təhlükəsiz yaşaması üçün hər cür şərait və imkanlar mövcuddur. Xüsusilə də, insanların şəxsi əmlakı dövlət tərəfindən qorunur, himayə edilir.

Düzdür, bəzən peşəkar işbazların cənginə keçən sadə vətəndaşlar mülkiyyətlərini, şəxsi əmlaklarını ciddi problemlər qarşısında qoyurlar. Yəni, inamdan, etibardan istifadə edən işbazlar sadə vətəndaşların əmlaklarını ələ keçirmək üçün ən ağılagəlməz vasitə və üsullardan istifadə etməkdən çəkinmirlər.

Mənzilindən məhrum olan, şəhid ailəsi Hüseyn Ərəbov da dələduzların yağlı dilinə inanıb şəxsi mülkiyyətini itirənlərdəndir. Bu barədə redaksiyamıza ünvanladığı şikayət məktubunda H.Ərəbov Xətai rayonu, Nəsrəddin Tusi 19, mənzil 108 ünvanında yerləşən mənzilinin Ramiz Nadirov və Nərgiz adlı xanımın yüksək peşəkarlığı nəticəsində ələ keçirildiyini qeyd edib: "2005-cı ildə erməni işğalına qədər Ağdam rayonunda bir yerdə çalışdığım Baxışov İlyasın adına mənzilimi girov qoymaqla 11 min ABŞ dolları pul götürülüb. Səbəb isə İ.Baxışovun kriminal aləmdə tanınan Şahinə borclu olması və Şahinin hər dəfə İ.Baxışovun evinə gələrək, onu təhqir etməsi və hədələməsini qəbul etmək istəməməsi olub".

Şikayətçi onu da vurğulayıb ki, İ.Baxışov aldığı borcu bir müddət sonra ödəyə bilmədiyindən, sələmçilər notarius yolu ilə mənzilimi 22 min ABŞ dollarına sənədləşdirib və bundan sonra evin boşaldılması üçün Xətai rayon məhkəməsinə müraciət ediblər: "Şifahi üzləşmələr zamanı evimin girov qoyulması və faizə pul götürülməsi tam sübuta yetirildiyindən, iş məhkəmədə baxılmamış saxlanılmışdır. Biz Daxili İşlər Nazirliyinə və Respublika Prokurorluğuna dələduzluq yolu ilə mənzilimin ələ keçirilməsinə cəhd göstərilməsi ilə bağlı məlumat vermişik. 2005-ci ilin fevral ayında Xətai rayon prokuroru Rafael Əliyev, eyni zamanda, Xətai rayon 35-ci polis bölməsinin rəisi rəsmi qaydada bizə məktub göndərərək, dələduzların cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə müraciət etməyimizi qeyd edib. Biz 2006-cı ilin yanvarın 13-də məhkəmədə iddia qaldırdıq".

H.Ərəbov şikayət məktubunda qeyd edir ki, onun məhkəmədə iddia qaldırmasından sonra qara günləri başlayıb. Şikayətçinin bildirdiyinə görə, Xətai rayon polis idarəsinin istintaq şöbəsinin rəisi Aydın Əzimov və müstəntiqlər Xıdır Xıdırov, Vüqar Tağıyev, bacım Gülayə Ərəbovanı girov saxlamaqla polis əməkdaşlarının köməyi ilə mənzilimin tam şəkildə boşaldılmasına nail olmuşlar. H.Ərəbovun sözlərinə görə, üzləşdikləri haqsızlıqla bağlı dövlət qurumlarına müraciət ediblər. Məhz bundan sonra 23 fevral 2007-ci il tarixdə Respublikanın baş prokuroru Zakir Qaralovun göstərişi ilə polis əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində əməllərinə hüquqi qiymət verilməsi üçün göndərilib. Həmin dələduzlar bizə 40 min dollar təklif etdilər. Hətta Baş Prokurorluğun 13 dekabr 2007-ci il tarixli qərarında da bizə 40 min dollar təklif olunması da öz əksini tapıb.

Şikayət məktubunda o da vurğulanır ki, Baş Prokurorluğun sonrakı mərhələdə işi yarımçıq saxlaması və toplanan 10 tomluq istintaq materiallarının məhkəməyə təqdim olunmaması onun hüquqlarının pozulmasını daha da genişləndirir. Baxmayaraq ki, Nəsimi rayon məhkəməsi Baş Prokurorluğun çıxardığı qərarın ləğv olunması haqqında qərar çıxarıb. Təəssüf ki, Apellyasiya Məhkəməsi yerli məhkəmənin qərarını ləğv edərək, mənim məhkəməyə müraciət etmək hüququmun məhdudlaşdırılması haqqında qərar verib: "Çoxsaylı ərizə və teleqramlardan sonra ədliyyə naziri Fikrət Məmmədovun göstərişi ilə məhkəmə-hüquq şurasında ədliyyə naziri təşkilati nəzarət baş idarəsinin rəisi Azər Cəfərovun və Ali Məhkəmənin cinayətlərə dair kollegiyanın sədri Şahin Yusifovun başçılığı ilə iddia müzakirə edilmiş və istintaqın tamamlanması üçün açıq məhkəmədə müzakirələrin aparılması qərara alınmışdı. Təəssüf ki, Bakı şəhər Prokurorluğunda iki aya yaxındır ki, məhkəmə qərarı icra olunmur və istintaq materiallarının yekunlaşaraq məhkəməyə göndərilməsi yubanır".


İ.ƏLİYEV


Bütün xəbərlər Facebook səhifəmizdə