“Son illər ölkədə qeyri-qanuni əmək miqrasiyası halları ciddi surətdə azalıb”-AÇIQLAMA

“Son illər ölkədə qeyri-qanuni əmək miqrasiyası halları ciddi surətdə azalıb”-AÇIQLAMA

Son illər miqrasiya sahəsindəki qanunvericiliyin təkmilləşdirilməsi və əmək miqrasiyası proseslərinə dövlət nəzarətinin gücləndirilməsi qeyri-qanuni əmək miqrasiyası hallarının ciddi surətdə azalması ilə nəticələnib. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini icra edən Rauf Tağıyev məlumat verib.

Hazırda ölkədə 9147 nəfər əməkçi miqrantın yaşadığını deyən Rauf Tağıyev bildirib ki, Azərbaycanda davamlı xarakter alan iqtisadi tərəqqi prosesləri, çoxsaylı iş yerlərinin yaradılması, şəffaf və əlverişli biznes mühitinin təmin olunması, icimai siyasi sabitlik xarici ölkələrdən ölkəmizə əmək fəaliyyəti göstərmək üçün gələnlərin sayının artması ilə müşaiyət olunur: "Lakin müəyyən kateqoriya əcnəbi şəxslər də vardır ki, onlar burada əmək fəaliyyəti ilə məşğul olmalarına baxmayaraq, qanunvericiliyə əsasən əməkçi miqrant hesab edilmirlər.

Belə ki, milli qanunvericiliyə əsasən, işəgötürənlərin işə cəlb etdikləri əcnəbi şəxslər əməkçi miqrant hesab edilirlər. Ölkədə qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin bir qismi öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun leqallaşdırıb, bir çox əcnəbilərlə bağlı isə aidiyyəti dövlət orqanları tərəfindən müvafiq tədbirlər görülüb. Bu istiqamətdə Dövlət Əmək Müfəttişliyi Xidməti öz səlahiyyətləri çərçivəsində zəruri tədbirlər həyata keçirməkdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə