Dubayda Azərbaycanın turizm potensialı daha geniş təbliğ olunacaq-DİASPOR
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Dubayın Turizm və Ticarət Marketinqi nazirliyinin rəhbərliyi ilə görüşüb. Bu barədə SİA-ya cəmiyyətin sədri Samir İmanov özü məlumat verib. O bildirib ki, görüşün məqsədi Azərbaycanın getdikcə artan turizm potensialı barədə məlumat vermək, Dubayda bu sahəyə rəhbərlik edən orqanın ölkəmizə diqqətini cəlb etmək olub.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2011-ci ilin ölkədə "Turizm ili" elan olunması haqda fərman imzaladığını, cari il iyunun 17-də yay turizm mövsümünün rəsmi açılışı olduğunu qeyd edən S.İmanov son illər Azərbaycanda turizm sahəsində əldə olunan uğurlardan danışıb. Azərbaycanın iqlim şəraitinin burada ilin hər dörd fəslində istirahət etməyə imkan verdiyini söyləyən "Azərbaycan" Cəmiyyətinin sədri Avropa ilə müqayisədə Azərbaycanda qiymətlərin daha münasib olmasının ölkəmizə maraq göstərən əcnəbilərin sayının artmasına səbəb olduğunu bildirib. Cəmiyyət rəhbəri turizmin inkişafı məqsədilə paytaxt Bakıda dünyanın ən məşhur 6 yeni 5 ulduzlu otelinin tikildiyini bildirib.
S.İmanov Azərbaycanın "Eurovision-2011" mahnı yarışmasında qələbə qazanması və gələn il bu müsabiqənin Bakıda keçiriləcəyini xatırladaraq yarışma zamanı Azərbaycana 60 minədək turisti gələcəyini söyləyib. O deyib ki, Azərbaycan hökuməti bu məqsədlə ölkənin turizm imkanlarını bir il ərzində mümkün qədər inkişaf etdirmək, xidmət səviyyəsini yüksəltmək və Bakının simasını daha da gözəlləşdirmək üçün mühüm işlər görür. İndi bütün dünyanın diqqəti Azərbaycanın dünyadan on minlərlə insanı necə qarşılayacağına yönəlib və ölkəmiz bu etimadı layiqincə doğrultmağa çalışır.
S. İmanov ölkəmizdə qış turizminin inkişafına da xüsusi diqqət yetirildiyi barədə ətraflı məlumat verib. O, Azərbaycanın Naxçıvan, Gəncə, Qəbələ, Zaqatala, Şəki, Lənkəran və digər qədim tarixə malik şəhərləri haqda da nazirliyin rəhbərliyinə məlumat verib. "Azərbaycan" Cəmiyyətinin sədri Dubay rəsmilərinin diqqətini ölkəmizin işğal altında olan ərazilərinə yönəldərək vurğulayıb ki, Ermənistanın zəbt etdiyi Dağlıq Qarabağ və onun ətrafında olan ərazilər Azərbaycanın ən səfalı və görməli yerlərindəndir. "19 ildir erməni işğalı altında olan Şuşa əzəli Azərbaycan torpağıdır və tarix boyu ölkəmizin dilbər guşəsi sayılıb. Hələ sovet dövründə Şuşaya minlərə turist axışırdı. Lakin təəssüf ki, indi qəsbkar ermənilər Şuşanı erməni torpağı kimi dünyada təqdim edir və buranın turizm imkanlarını dünyaya öz adları ilə təqdim edirlər", - deyə Samir İmanov bildirib. O Azərbaycan dövlətinin tezliklə öz torpaqlarını düşmən tapdağından azad edəcəyini vurğulayıb.
Görüşün sonunda nazirlik rəhbərliyinə Azərbaycanın turizm imkanlarini əks etdirən çoxlu kitab, broşur, CD, Azərbaycan muğamlarından ibarət disklər, ümummilli lider Heydər Əliyev haqda ingilis və ərəb dillərində kitablar və Heydər Əliyev Fondunun nəşr etdirdiyi "Qarabağ həqiqətləri" toplusu, habelə Azərbaycanın bayrağı, xəritəsi və üzərində Azərbaycanın rəmzləri olan xalça da hədiyyə olunub. Nazirlik rəsmiləri bu əyani vəsaitləri Dubayda fəaliyyət göstərən böyük turizm şirkətlərinə paylayaraq Azərbaycanın təbliğ edilməsini onlara tövsiyyə edəcəklərini vurğulayıblar. Azərbaycana özlərinin də məmnuniyyətlə səfər edəcəklərini söyləyən nazirlik nümayəndələri ətraflı məlumata görə "Azərbaycan" Cəmiyyətinin sədrinə təşəkkürlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB