Ermənistanın Azərbaycana təcavüzü və Mehri koridorunun işğal olunması nəticəsində anklav olan Naxçıvan Muxtar Respublikası Azərbaycanın digər hissələrindən ayrı düşmüş və 1990-cı ildən oraya dəmir yolu nəqliyyatı dayandırılıb. 2008-ci ilə qədər Bakı-Naxçıvan təyyarə reysləri güzəştli şərtlər ilə sərnişinlərin daşınması üçün yeganə vasitə idisə, 2009-cu ildən artıq İran ərazisindən Bakı-Naxçıvan-Bakı marşrutu ilə avtobusların hərəkətinə start verilib. Eyni zamanda şəxsi avtomobilləri ilə də Naxçıvana səyahət etmək istəyənlər üçün imkan yaranıb. Hazırda, təxminən 50 avtomobil gün ərzində İrandan tranzit yolu kimi istifadə edərək Bakıdan-Naxçıvana və geriyə hərəkət edir.
Naxçıvana avtomobillə səyahət edən şəxslər İran sərhədində bir sıra çətinliklərlə üzləşirlər ki, bunlardan da ən əsası dil problemidir. Bu da İran gömrüyündə sənədlərin doldurulmasında çətinliklər yaradaraq minlərlə Azərbaycan Respublikası vətəndaşının hüquqlarının pozulmasına gətirib çıxarır.
Bu problemin həllinə öz töhfəsini vermək üçün Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Naxçıvana avtomobil ilə" səyahət bələdçisi adlı layihəni həyata keçirməkdədir. Azərbaycan-Britaniya Məzunları İctimai Birliyindən SİA-ya verilən xəbərə görə, layihənin əsas məqsədi Naxçıvan Muxtar Respublikasına və oradan geriyə avtobus və şəxsi avtomobil vasitəsilə səyahət edən şəxsləri vacib məqamlar barədə məlumatlandırmaqdır.
Layihə çərçivəsində Bakı-Naxçıvan marşrutu üzrə xəritə tərtib edilmiş və səyahət bələdçisi hazırlanıb. Bələdçidə Azərbaycan və İran Sərhəd Keçid Məntəqələrinin iş vaxtları barədə məlumat, lazımi sənədlər və viza qaydaları, Gömrük rüsumları, idxal-ixrac qaydaları, yol hərəkət qaydaları və cərimələr, avtomobillərin icbari sığortası və s. məlumatlar öz əksini tapıb.
Layihənin icrası nəticəsində Naxçıvana avtomobil ilə hərəkət edən vətəndaşlarımız artıq öz hüquqlarını bilir və səyahətlə əlaqədar bütün faydalı məlumatları öncədən əldə etmək imkanına malikdirlər. Həmçinin bu bələdçi vətəndaşlarımıza çətinliklərdən yan keçməyə yardımçı olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB