Mehriban Əliyevaya həsr olunan “Ümid qapısı, mərhəmət ünvanı” kitabının təqdimatı keçirilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında tarix üzrə fəlsəfə doktoru Sevinc Budaqovanın "Ümid qapısı, mərhəmət ünvanı" kitabının təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, kitab Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə həsr olunub.
Tədbiri giriş sözü ilə açan AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli bildirib ki, kitab Azərbaycan Respublikası Prezident Administrasiyasının, Heydər Əliyev Fondunun və AMEA Tarix İnstitutunun tövsiyələri nəzərə alınmaqla çapdan çıxıb. Onun sözlərinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın timsalında müasir Azərbaycan qadınına həsr olunan bu elmi-publisistik əsər onun bütün fəaliyyətini müasirliklə ənənənin vəhdətində əks etdirir. O qeyd edib ki, Sevinc xanımın nəşr etdiyi kitab Mehriban xanım və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin tarixilik və müasirlik kontekstində araşdırılmasına, öyrənilməsinə və gələcək nəsillərə ötürülməsinə öz töhfəsini verəcək. Mehriban Əliyevanın ölkə təhsilinin, mədəniyyətinin, səhiyyəsinin inkişafında mühüm əməyi olduğunu deyən kitabxananın direktoru vurğulayıb ki, Heydər Əliyev Fondunun gördüyü işlər gənc nəslin uğurlar qazanmasına təkan verir, bu sahədə beynəlxalq əlaqələrin gücləndirilməsinə şərait yaradır.
Tədbirin davamında çıxış edən Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında çoxlu kitabların yazıldığını söyləyib. O bildirib ki, Sevinc Budaqovanın ərsəyə gətirdiyi yeni nəşr isə bir sıra xususiyyələri ilə digərlərindən fərqlənir: "Bu gün dünya mürəkkəb dövrünü yaşayır. Bu dövr qloballaşma dövrü hesab edilir. Yeni qloballaşma dövründə milli mədəniyyətin, milli dəyərlərin hansı səviyyədə qorunacağı bizləri narahat edir. Azərbaycanın bir çox mədəni abidələri, muzeyləri dağıdılıb, Qarabağ ərazisi işğal olunub, bir sıra mühüm obyektlər məhv edilib. Ancaq təbii ki, bunlarla yanaşı dünyada baş verəcək hadisələrə duruş gətirmək lazımdır. Mehriban xanım Əliyeva ölkənin bir çox sahələrinin inkişafında, tərəqqisində mühüm işlər görüb. O, Azərbaycan tarixində təsadüfi şəxsiyyət deyil. Mehriban Əliyeva ümumilli lider Heydər Əliyevin ailəsində olaraq dünyada gedən proseslərə nüfuz edib, Mir Cəlal Paşayev kimi görkəmli ailədə yetişib və Azərbaycanı sevən vətənpərvər kimi formalaşıb. Bu kitabda Mehriban Əliyevaya Azərbaycan xalqının təəssübkeşi olan dövlət xadimi kimi baxılıb".
Tədbirin davamında çıxış edən qonaqlar bu kitabın hazırlanmasını yüksək qiymətləndirib və Mehriban xanım Əliyevanın ölkə ictimaiyyətində əvəzsiz xidmətlərindən söhbət açıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB