Sumqayıtda alternativ enerjidən istifadə sahələri üzrə maarifləndirmə tədbiri keçirilib
Ekoloji maarifçilik və monitorinq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Sumqayıt şəhərində yerli icra orqanları nümayəndələrinin, özəl sektor nümayəndələrinin və əhalinin digər təbəqələrinin alternativ enerjidən istifadə sahələri üzrə maarifləndirilməsi" adlı layihəsinə start verib. Layihə çərçivəsində əhalinin müxtəlif təbəqələrinin iştirakı ilə 12 iyun 2011-ci il tarixində Sumqayıt şəhər 3-cü m/r İREX Sumqayıt İcma Məlumat Mərkəzində "İqlim dəyişmələri və alternativ enerjidən istifadə qaydaları" mövzusunda seminar keçirilib.
Bu barədə SİA-ya məlumat verən təşkilatın sədri Qəmzə Yusubova bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim dəyişmələri və azon mərkəzinin direktoru Gülmalı Süleymanovun iştirak etdiyi seminarda layihənin həyata keçiriləcəyi Sumqayıt şəhərində yerli icra orqanları, bələdiyyə nümayəndələri, digər hüquqi şəxslər, o cümlədən kiçik təsərrüfat sahəsində çalışan əhaliyə iqlim dəyişmələri və tükənməyən enerji mənbələri, onun növləri, "yaşıl iqtisadiyyat" haqqında kifayət qədər məlumat verilib.
Onun sözlərinə görə, seminarla yanaşı həyata keçirilən layihə çərçivəsində özəl sektorda tükənməyən enerji mənbələrindən istifadə üzrə geniş təbliğat kampaniyası keçiriləcək. Burada yerli əhaliyə gözlənilən iqlim dəyişmələri və onu yaradan səbəblər, neft və qazın tükənən sərvət olduğu və bu sərvətlərin istifadəsi zamanı çoxlu tullantıların atılması və bunun yaratdığı ekoloji problemlər haqqında məlumatlar veriləcək, həmçinin davamlı inkişaf üçün alternativ enerjidən istifadənin əvəzsiz olduğu onların nəzərinə çatdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB