Ukraynada Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərovun abidəsinin açılışı olub
Dnepropetrovsk vilayətinin Sarıcansk rayonunda Böyük Vətən Müharibəsi zamanı Ukraynanın alman faşizmindən azad olunmasında şərəfli döyüş yolu keçən Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərovun abidəsinin açılışı olub. SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, Dnepropetrovsk vilayətinin dövlət rəsmilərinin, Azərbaycanın Ukraynadakı səfirliyinin, yerli hakimiyyət və diaspora nümayəndələrinin qatıldığı açılış mərasimində Dnepropetrovsk vilayət Radasının sədri Yevgeni Udod, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və digər rəsmi şəxslər çıxış edərək Böyük Vətən Müharibəsi zamanı Dnepropetrovsk vilayətinin alman faşizmindən azad edilməsində Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərovun keçdiyi şərəfli döyüş yolundan danışıblar.
Qeyd olunub ki, Mikayıl Ələkbərov müharibəyə 17 yaşı olarkən 1942-ci ildə könüllü olaraq gedib İlk döyüş yoluna Dnepropetrovsk vilayətindən başlayan Ələkbərov 1 il müddətində düşmənin 14 hücumunun dəf edilməsində əsl qəhrəmanlıq şücaəti göstərib 1943-cü il oktyabr ayının 14-də ağır döyüşlərdə yaralanaraq qəhrəmancasına həlak olub. Ölümündən 12 gün sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Aradan 68 il ötməsinə baxmayaraq bu gündə Mikayıl Ələkbərovun cəsurluğunu unutmadıqlarını bildirən yerli sakinlər öz igidliyinə görə, Ukrayna xalqının qəlbində əbədi qəhrəmanlıq təcəssümünə çevrilmiş dəyanətli Azərbaycan oğlunun xatirəsinin heç zaman unudulmayacağını vurğulayıblar.
Azərbaycanla Ukraynanın dövlət müstəqilliklərinin 20-ci ildönümü ərəfəsində qəhrəman Azərbaycan oğlunun xatirəsinin əbədiləşdirilməsinə görə, Dnepropetrovsk vilayətinin qubernatoru Aleksandr Vilkula və Dnepropetrovsk vilayət Radasının deputatı Fəxrəddin Muxtarova dərin minnətdarlıqlarını bildiriblər.
Mərasimdə hər bir xalqın öz qəhrəman oğulları ilə tanındığını deyən Dnepropetrovsk vilayət Radasının deputatı Fəxrəddin Muxtarov 18 yaşında ikən canını Ukrayna xalqı uğrunda fəda etmiş qəhrəman Azərbaycan oğlunun bu gün abidəsinin ucaldılmasını xalqlarımız arasında sarsılmaz dostluq əlaqələrinin növbəti təntənəsi kimi dəyərləndirib. "Mən bu gün böyük fəxarət hissi keçirirəm ki, azərbaycanlılar da Ukraynanın alman faşizmindən azad olunmasında əsil qəhrəmanlıq göstəriblər Bu gün Azərbaycanla Ukraynanın beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınmasında Mikayıl Ələkbərov kimi minlərlə qəhrəman oğullarımızın öz payı var. Mən Dnepropetrovsk vilayətinin qubernatoru Aleksandr Vilkula minnətdarlığımı bildirirəm ki, belə bir şərəfli işin həyata keçirilməsini mənə həvalə edib. Bu abidənin açılması həm də təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Ukrayna dostluğunun günü gündən inkişaf etdirilməsinin əyani təzahürü, prezidentlər İlham Əliyevlə Viktor Yanukoviçin dövlətlərimiz naminə həyata keçirdikləri məqsədyönlü siyasətin nəticəsidir", - deyə Fəxrəddin Muxtarov bildirib.
Rəsmi hissədən sonra Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndirilib. Yayılım atəşi sədaları altında qəhrəman Azərbaycan oğlunun abidəsinin açılışı olub. Onun abidəsi önünə gül dəstələri qoyulmaqla xatirəsi yad edilib.
Onu da qeyd edək ki, qəhrəmanlıq təcəssümünü özündə əks etdirən abidənin müəllifi Ukraynanın xalq rəssamı Seyfəddin Qurbanovdur.

Əlmaniz ƏLƏKBƏRLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB