Nazim İbrahimov: \"Azərbaycan diasporu erməni lobbisinin Azərbaycanın maraqlarına zidd fəaliyyətini zərərsizləşdirmək iqtidarındadır\"-MÜSAHİBƏ
Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun yap.org.az saytına müsahibəsi
- Dünya Azərbaycanlılarının III Qurultayına hazırlıq işləri necə gedir?
Dünya Azərbaycanlılarının II Qurultayında qarşıya qoyulan vəzifələrə nə dərəcədə
əməl olunub?
- İyul ayının 5-də Bakı şəhərində
Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 yanvar tarixində
imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü haqqında" sərəncamından irəli gələn "Tədbirlər Planı"na
müvafiq olaraq baş tutacaq. Qurultayda dünyanın müxtəlif ölkələrində fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə
yaşayan azərbaycanlı elm adamları, ictimai və mədəniyyət xadimləri, iş adamları
iştirak edəcək. Bundan başqa, milliyyətcə azərbaycanlı olmayan Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alim və
ziyalılar, dövlət rəsmiləri, siyasi partiyaların təmsilçiləri, parlament üzvlərinin
də qurultaya qonaq qismində dəvət olunublar.
Diasporla İş üzrə Dövlət Komitəsində Dünya azərbaycanlılarının
III qurultayının təşkili ilə bağlı Tədbirlər planı hazırlanıb və İşçi qrup
yaradılıb. Artıq qurultaya dəvət olunan nümayəndə və qonaqların siyahısı dəqiqləşdirilib.
Diqqətinizə çatdırmaq istərdim ki, Dünya azərbaycanlılarının III Qurultayına
1272 nümayəndə seçilib. Qurultayda dünyanın 42 ölkəsindən 595 nümayəndə və 205
qonaq iştirak edir. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr
sırasında Rusiya Federasiyası 153, Türkiyə 94, Ukrayna 45, Almaniya 45,
Gürcüstan 40, ABŞ 24, İsveç Krallığı 22, Niderland Krallığı 21 nəfərlə təmsil
olunublar. Qurultayın digər nümayəndələri Azərbaycan dövlət və hökumət
orqanlarından, siyasi partiya və ictimai qurumlarından, mədəniyyət və incəsənət
xadimləri arasından seçilmiş nümayəndələr təşkil edəcək.
Dünya Azərbaycanlılarının III Qurultayı əlamətdar
tarixdə - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini elan etməsinin 20-ci
ildönümünü qeyd etdiyi ildə keçirilir. Bu qurultay tarixi məzmunu və ictimai əhəmiyyətinə
görə 2006-cı ildə keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayından bir çox
cəhətləri ilə seçilir. Bu gün Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə
çevrilib, dünya miqyaslı layihələr gerçəkləşdirir, dünyanın inkişaf etmiş ölkələri
Azərbaycanı tərəfdaş və müttəfiq kimi görməyə maraqlıdırlar. Azərbaycanın etibarlı
tərəfdaş imici qazanması dövlətimizi yeritdiyi müstəqil xarici siyasət kursu ilə
bağlıdır. Malik olduğu bütün bu üstünlüklər Azərbaycan dövlətinə dünyanın
ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılara, Azərbaycan diasporuna daha
böyük qayğı göstərməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, Dünya Azərbaycanlılarının
II Qurultayından keçən dövr ərzində Qurultay zamanı qarşıya qoyulmuş vəzifələrə
nail olunub. Bu gün biz artıq Azərbaycan diasporunun yaxşı təşkilatlandığını,
azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi proseslərinə təsir göstərə
bilmək imkanlarının əhəmiyyətli dərəcədə artması sayəsində onların Azərbaycanın
milli maraqlarını müdafiə etmək iqtidarında olduqlarını qəti şəkildə söyləyə
bilərik. Bizim ötən müddət ərzində əldə etdiyimiz ən mühüm nailiyyətlərdən biri
ayrı-ayrı ölkələrdəki diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirən
strukturların yaradılmasıdır. Biz bu prosesi davam etdiririk, məqsədimiz hər
qitə üzrə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirə biləcək
strukturların yaradılmasıdır və bu məqsədlər nail olunması üçün biz səylərimizi
davam etdiririk. Dünya Azərbaycanlılarının II Qurultayından sonra görülən işlər
sırasında xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin təşkilatlanması
prosesinin sürətlənməsidir. Diasporla İş üzrə Dövlət Komitəsində bu sahədə fəaliyyəti
daha da səmərəli etmək məqsədi ilə Gənclərlə iş şəbəsi yaradılmışdır. Əldə
etdiyimiz nailiyyətlərdən biri dünyanın müxtəlif ölkələrindəki Azərbaycan
diaspor təşkilatlarının dost dövlət və xalqların icmalarının müvafiq təşkilatları,
o cümlədən türk, yəhudi diasporları ilə əməkdaşlığın əlaqələndirilməsidir.
Bununla bağlı mən xüsusi olaraq 9 mart 2007-ci il tarixində Bakı şəhərində
keçirilmiş Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I
Forumunu, 17-19 noyabr 2007-ci l tarixlərində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə Türkiyədən kənarda –
Bakıda təşkil olunan Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq
Qurultayını, 27 mart 2008-ci il tarixində Berlində Dünya Azərbaycan və Türk
Diaspor Təşkilatları Koordinasiya Şurasının iclasını və bunun nəticəsi olaraq
dünyadakı Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığının gücləndirilməsini
qeyd edə bilərəm. Bütün bunlar Dünya Azərbaycanlılarının II Qurultayında sonra
görülmüş işlərin kiçik bir hissəsidir və bu proses davam etdirilir.
- Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların
problemlərinin həllində diaspor təşkilatları nə kimi rol oynayır? Diasporla İş
üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların problemlərinin həllində
iştirak edirmi?
- Sizin sualınızı
cavablandırmadan öncə diaspor təşkilatlarının yaranması zərurəti barədə fikir
söyləmək istərdim. Elmi nöqteyi-nəzərdən bu və ya digər səbəbdən etnik vətənindən
digər ölkəyə müvəqqəti və daimi yaşayış üçün gedən insanların hamısı həmin ölkənin
yerli əhalisinə münasibətdə milli azlıq və ya miqrant statusunda olurlar. Və təbii
ki, bu zaman onlar yad mühitdə yerli adət-ənənələrə, qayda-qanunlara adaptasiya
olunması, öz həyatlarını qurması yolunda müəyyən maddi-mənəvi, hüquqi, məişət
problemləri ilə üzləşirlər. Həmin ölkəyə daha əvvəl gəlmiş və qarşıya çıxan
problemlərin həlli təcrübəsinə malik insanlar yenicə ölkəyə qədəm basmış
soydaşlarına yardım göstərirlər. Bir-birinə köməkdən əlavə, milli azlığın nümayəndələri
onlar üçün yad olan etnik-mədəni mühitdə öz adət-ənənələrini, doğma dilini
qoruyub saxlamaq və yaşatmaq üçün bir araya gəlirlər. Diaspor anlayışı milli
azlığın məhz bu amallar uğrunda birliyini özündə ehtiva edir. Bütün bunlar Azərbaycan
diaspor təşkilatlarının yaranmasına da şamil oluna bilər. Azərbaycan xalqı öz
kökünə, milli adət-ənənələrinə bağlı xalq olub, assimilyasiyaya tab gətirə bilən
xalqdır, yəni digər millətin içində əriyib itmir. Onlar yaşadıqları ölkələrdə
bir birinə arxadır, öz dillərini, adət-ənənələrini yaşadır, milli bayramlarını
qeyd edirlər. Azərbaycanlıların diaspor təşkilatlarında birləşməsi onlara öz
milli mənliklərini qoruyub saxlamağa yardım edir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayında uğurlu
diaspor fəaliyyətinin tərifini böyük müdriklik və uzaqgörənliklə verib. O deyib:
"Biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər birinin öz ölkəsində
onun qayda-qanunları ilə yaxşı yaşamasını, öz mövqeyini möhkəmləndirməsini
arzulayırıq. Arzulayırıq ki, hər bir azərbaycanlı yaşadığı ölkədə
ictimai-siyasi həyatda fəal iştirak etsin, özünə görkəmli bir yer tutsun, müəyyən
təsir imkanına malik olsun. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini
itirməsinlər". Ümummilli lider Heydər Əliyevin bu müdrik kəlamları, fikrimcə,
diaspor fəaliyyətini izah edən ən yaxşı tərifdir.
Diaspor təşkilatlarının təşəbbüsü ilə keçirilən tədbirlər,
bu təşkilatların nəzdində fəaliyyət göstərən musiqi və rəqs kollektivləri, "Həftəsonu"
məktəbləri, müxtəlif dərnəklər onlara bu işdə dəstək olur. Diaspor təşkilatları
fəaliyyət göstərdiyi ölkənin qanunvericiliyinə uyğun olaraq yaradılır və təbii
ki, həmin ölkənin qanunlarından irəli gələn hüquqlara malikdirlər və bu onlara
azərbaycanlıların hüquqlarını qorumaq səlahiyyəti verir. Azərbaycan diaspor təşkilatının
ayrı-ayrı üzvlərinin həmin ölkədə nüfuz sahibi olmaları, ictimai-siyasi proseslərə
təsir göstərə bilməsi son nəticədə diasporun azərbaycanlıların maraqlarının
daha ardıcıl və səmərəli şəkildə qorumasına gətirib çıxarır. Bu işdə
diasporumuza Azərbaycan dövlətinin qayğısı, onun gücünə güc qatır. Azərbaycan
dövləti diaspor təşkilatlarına tam gücləri ilə fəaliyyət göstərmələri üçün
lazım olan köməyi göstərir. Diasporla İş üzrə dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan
icma və birliklərinin nəzdində fəaliyyət göstərən "Həftəsonu" məktəblərinin
sayı 2006-cı illə müqayisədə demək olar ki 2 dəfə artaraq hazırda 127-yə çatıb.
Müvafiq dövr ərzində Azərbaycan diasporunun dövri nəşrlərinin və elektron Kütləvi
İnformasiya Vasitələrinin sayı 111-dək artıb. Bundan əlavə Diasporla İş üzrə
Dövlət Komitəsi müxtəlif əlamətdar tarixlərdə, milli bayramlarda Azərbaycan
diasporunun keçirdiyi tədbirlərə dəstək verir, onları əyani vəsait, kitab,
broşür, şəkil, plakat və s. təmin edir. Son illər Heydər Əliyev Fondunun Azərbaycan
diasporuna verdiyi misilsiz dəstəyi xüsusi qeyd etmək istərdim. Məhz Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın əksər
ölkələrində keçirilən "Xocalıya ədalət kampaniyası" Azərbaycan diasporunun əldə
etdiyi ən böyük uğurlardandır. Bu kampaniya sayəsində dünyanın elə bir ölkəsi
qalmayıb ki, orada Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı aktından xəbərsiz
olsunlar. Bu bir daha onu göstərir ki, effektiv diaspor fəaliyyəti yalnız
diaspor təşkilatlarının doğma Vətənlə əməkdaşlığı sayəsində mümkündür.
- Diaspor təşkilatlarının əsas funksiyalarından
biri də Azərbaycan həqiqətlərinin, mədəniyyəti və incəsənətinin həmin ölkələrdə
təbliğ olunmasıdır. Azərbaycan diasporu bu işin öhdəsindən necə gəlir?
- Hazırda dünyanın müxtəlif ölkələrində 410-dan çox Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Onların hər biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir. Hər il dünyanın bir sıra ölkələrində 20 yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart-Azərbaycanlıların soyqırımı günü, Azərbaycan rayonlarının Ermənistan tərəfindən işğalının ildönümü münasibətilə yüzlərlə nümayiş, konfrans, dəyirmi masa, sərgi və s. tədbirlər keçirilir. 2010-cu ildə dünyanın 50-dək ölkəsində keçirilən bu tədbirlərdə Azərbaycan diasporunun üzvləri ilə yanaşı yerli ictimaiyyətin və digər xalqların diasporlarının nümayəndələri də iştirak ediblər. Onu da qeyd edim ki, ildən ilə bu tədbirlərdə iştirak edən insanların sayı çoxalır, ən əsası isə mühüm keyfiyyət dəyişiklikləri baş verir – bu tədbirlərə həmin ölkələrin hökumət və qanunverici orqanlarının, siyasi partiya və ictimai təşkilatlarının nümayəndələri də qatılırlar ki, bu da Azərbaycan həqiqətlərinin get-gedə dünyada tanınması, qəbul edilməsi deməkdir. Bundan əlavə, Azərbaycan dövlətinin əlamətdar günləri – ümummilli lider Heydər Əliyevin anadan olduğu gün, Respublika günü, Milli Qurtuluş günü, Müstəqillik günü, Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Azərbaycan diasporunun keçirdiyi tədbirlərə daha çox insan qatılır. Bütün bunlar Azərbaycan diasporunun gücünün artmasının göstəricisidir. Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə həsr olunmuş konfrans, konsert proqramları, sərgilərdə iştirak edən minlərlə insan Azərbaycanı, onun zəngin mədəni irsini, qədim adət-ənənələrini özləri üçün kəşf edir və bu insanlarda Azərbaycan xalqına və dövlətinə rəğbət daha da artır. Əlbəttə ki, bütün bunlar Azərbaycan diasporunun uğurudur. Güclü Azərbaycan diasporu isə Azərbaycanı maraqlarının həmin ölkələrdə təminatçısıdır.
- Azərbaycan diasporunun digər milli icmaların təşkilatları ilə münasibətləri
nə səviyyədədir?
- Birinci növbədə onu söyləyim ki, Azərbaycan diasporu deyəndə tək etnik azərbaycanlılar yox, əslən Azərbaycandan olan və müəyyən səbəblər üzündən hazırda müvəqqəti və daimi olaraq xarici ölkələrdə yaşayan və Azərbaycanı özünə Vətən bilən bütün həmvətənlərimiz nəzərdə tutulur. Buna görə də bu gün Azərbaycan diasporu dedikdə onun sıralarında azərbaycanlılarla yanaşı Azərbaycanın milli maraqlarının qorunması prosesində fəal iştirak edən əslən Azərbaycandan olan yəhudi, rus, ukraynalı, gürcü və digər millətlərin nümayəndələri nəzərdə tutulur. Azərbaycan diasporunun milli tərkibinə görə rəngarəng olması onun digər millətlərin diasporları ilə əməkdaşlığına öz müsbət təsirini göstərir. Hazırda Azərbaycan diaspor təşkilatlarının türk və yəhudi diaspor təşkilatları ilə sıx əməkdaşlıq edirlər. Artıq söylədiyim kimi, Bakıda keçirilmiş Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu, yenə də Bakıda təşkil olunan Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı, 27 mart 2008-ci il tarixində Berlində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası Azərbaycan və Türk diasporlarının əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə çıxarıb. Həmin tədbirlərin nəticəsi olaraq türkdilli xalqların diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, sosial-mədəni, ictimai-siyasi əlaqələrin dərinləşdirilməsi, mədəniyyət, iqtisadiyyat və digər sahələrlə bağlı müştərək layihələrin həyata keçirilməsi prosesinin intensivləşdirilməsi ilə bağlı bir sıra məsələlər, o cümlədən "Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası" müzakirə edilərək qəbul edilib. Azərbaycan diasporunun sıx əməkdaşlıq etdiyi diasporlarından biri də dünyada ən qədim tarixə və böyük nüfuza malik yəhudi diasporudur. Azərbaycan və yəhudi diasporunun əməkdaşlığını şərtləndirən iki amil vardır. Birincisi, Azərbaycanın milli və dini tolerantlığından irəli gələrək vaxtilə respublikamızda yaşayan, hazırda əsasən İsrail dövləti olmaqla dünyanın müxtəlif ölkələrinə köçmüş yəhudilər Azərbaycana çox bağlıdırlar və Azərbaycanın maraqlarını müdafiə edirlər. İkincisi, Azərbaycan və İsrail dövləti arasındakı dostluq və tərəfdaşlıq münasibətləri iki xalqın diaspor təşkilatlarının əməkdaşlığını labüd edir. Mən tək bir faktı göstərmək istərdim. Bu yaxınlarda İsrail parlamentində "erməni soyqırımı" məsələsi Elm, Təhsil və İdman komissiyasının iclasına çıxarılmışdı. Ermənipərəst deputat Türkiyə ilə İsrail dövləti arasında münasibətlərin hazırda sərin olmasından istifadə edib uydurma "erməni soyqırımının" tanınmasına nail olmaq istəsə də, "AZİZ" təşkilatının səyi ilə bunun qarşısı alınıb.
- Gənclər istənilən cəmiyyət və təşkilatın əsas hərəkətverici qüvvəsi
sayılır. Azərbaycan diasporunda gənclər necə təmsil olunub və onlar nə dərəcədə
fəaldırlar?
- Son illər xaricdə yaşayan
gənclərin təşkilatlanması işi geniş vüsət almışdır. Hazırda müxtəlif ölkələrdə
azərbaycanlı gənclərin 50-dək təşkilatı fəaliyyət göstərir. 40 gənclər təşkilatının
nümayəndələri Dünya Azərbaycanlılarının III Qurultayının işində iştirak edəcəklər.
Onu da qeyd etmək istərdim ki, son 5 il ərzində Azərbaycan diasporunda gənclərin
fəaliyyəti və rolu xeyli artıb. Bu müddət ərzində Benilüks Azərbaycanlı Gənclərinin
Koordinasiya Şurası, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı, Çexiya-Azərbaycan
Tələbə və Gənclər Birliyi, İstanbulda "Azərbaycan Birlik Təşkilatı", "Buta" Azərbaycan-Koreya
Tələbə Təşkilatı və digər təşkilatlar yaradılıb. Xaricdə fəaliyyət göstərən azərbaycanlı
gənclərin təşkilatları arasında xüsusi yeri şübhəsiz ki, 2009-cu il aprelin
18-də Moskvada yaradılıb və rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva seçilmiş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tutur.
RAGT-in yaradılmasının Azərbaycan diasporunun, Rusiyada yaşayan azərbaycanlı gənclərin
həyatında nə dərəcədə böyük hadisə olması artıq təşkilatın təsis konfransında məlum
idi. Həmin toplantıda Rusiyanın 60-dan çox bölgəsindən 300-dək nümayəndə, habelə
Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri iştirak ediblər.
Hazırda RAGT-ın bölmələrinin sayı 60-dan çoxdur, yəni təşkilat bütün Rusiya
Federasiyasını əhatə edir. Bu gün Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı
Rusiyada Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması, dövlətimizi
maraqlarının müdafiəsi, milli-mənəvi dəyərlərimizin qorunması, zəngin mədəni
irsimizin təbliği işinə olduqca mühüm töhfə verir.
Azərbaycan diasporunun gənclərinin fəaliyyətinin əlaqələndirilməsi
məqsədilə 2010-cu il aprelin 12-də Ukraynada yaşayan azərbaycanlı gənclərin I
forumu keçirilib və Ukraynada yaşayan Azərbaycanlı Gənclərin Əlaqələndirmə
Şurası yaradılıb. 2010-cu il mayın 15-də Gürcüstan azərbaycanlı gənclərinin I
Qurultayı keçirilmiş və Gürcüstan Azərbaycanlı Gənclərinin İttifaqı təsis edilib.
Bu istiqamətdə görülən işlər arasında 2010-cu il noyabr ayının 27-28-də
Almaniyanın Frankfurt şəhərində Dünya azərbaycanlı gənclərinin I konqresinin
keçirilməsi xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu
işinə cəlb olunması, ictimai-siyasi fəallığının artması, tarixi Vətənlə əlaqələrinin
möhkəmlənməsinə xidmət edib. Onu da qeyd edim ki, tədbirdə Azərbaycandan 41,
dünyanın 23 ölkəsindən 131 gənclər təşkilatının nümayəndəsi, 25 ölkədən 41
diaspor təşkilatının rəhbəri iştirak edib. Toplantının sonunda bir sıra sənədlər,
o cümlədən Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsini nəzərdə
tutan "Dünya azərbaycanlı gəncləri I konqresinin qətnaməsi" qəbul edilib. Gənc
soydaşlarımız müasir informasiya texnologiyalarından istifadə edərək Ermənistanın
Azərbaycana təcavüzü barədə məlumatları yaşadıqları ölkələrin ictimaiyyətinə
çatdırırlar. 20 yanvar faciəsi, Xocalı soyqırımı, 1918-ci il mart soyqırımları
ilə bağlı gənclər tərəfindən dünyanın müxtəlif ölkələrində mütəmadi olaraq
etiraz aksiyaları, elmi-praktik konfranslar, foto və rəsm sərgiləri təşkil
olunur.
- Bu gün Azərbaycan diasporunun erməni diasporu və lobbisinin Azərbaycan
dövləti və xalqının maraqlarına zidd fəaliyyətinə nə dərəcə cavab vermək
iqtidarındadır? Bu gün artıq söyləmək olarmı ki, dünyadakı yəhudi, erməni, yunan
lobbisi ilə yanaşı Azərbaycan lobbisi də vardır?
- Sizin bu sualınıza cavab
olaraq mən tam məsuliyyət və səmimiyyətlə bildirirəm ki, hazırda Azərbaycan
diasporu erməni lobbisinin Azərbaycanın maraqlarına zidd fəaliyyətini zərərsizləşdirmək
iqtidarındadır. Bu ona görə baş verməyib ki, erməni lobbisi zəifləyibdir. Erməni
lobbisi böyük tarixə, hakimiyyət və qanunverici strukturlarla sıx əlaqələrə
malikdir və öz düşmənçiliyini davam etdirir. Bu ona görə baş verib ki,
dünyadakı Azərbaycan diasporu artıq 20 il, 10 il və hətta 5 il bundan əvvəlki
diaspor deyil. Yaxşı təşkilatlanmış, əlaqəli şəkildə fəaliyyət göstərən, mövcud
olduğu ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edən, hökumətdə və
seçkili orqanlarda təmsil olunmağa başlayan, rəsmi strukturlarla əlaqələr
yaratmış Azərbaycan diasporu hazırda erməni lobbisinin fəaliyyətinin bütün
istiqamətləri üzrə ona tutarlı cavab verməyə qadirdir. Artıq erməni lobbisi əvvəlki
kimi hər istədiyinə nail ola bilmir.
Bizim səylərimiz sayəsində Azərbaycan diasporu bir
neçə dəfə erməni lobbisinin dünya ictimaiyyətində Azərbaycan haqqında mənfi rəy
yaratmaq cəhdinin qarşısını almağa müvəffəq olub. Sözsüz ki, ermənilərin Azərbaycan
əleyhinə təbliğatı daima aparılır. Ona görə də biz həmişə "döyüş hazırlığı" vəziyyətindəyik.
Azərbaycan dövlətinin apardığı xarici siyasət kursu sayəsində Azərbaycan dövlətinin
maraqları ilə dünyanın aparıcı dövlətlərinin maraqları bir sıra məqamlarda
üst-üstə düşür və ermənilərin bu cəhdləri iflasa uğrayır. Misal olaraq erməni
lobbisinin bir vaxtlar Bakı-Tbilisi-Qars və yaxud bir neçə ay əvvəl Azərbaycanın
süni peykini buraxmağı əngəlləmək üçün erməni lobbisinin göstərdiyi cəhdlərinin
iflasa uğramasını göstərmək olar.
O ki qaldı Azərbaycan lobbisi məsələsinə,
bilirsiniz ki, lobbinin formalaşdırılması kifayət qədər mürəkkəb
sosial-psixoloji və siyasi prosesdir. Lobbi konkret maraqların müdafiəsi üzrə
güc mərkəzidir və burada diaspor təşkilatları və dövlət aparatı qarşılıqlı əlaqəli
şəkildə fəaliyyət göstərməlidirlər. Hazırda bir sıra dünya xalqları lobbi
formalaşdırılması təcrübəsinə malikdirlər və Azərbaycan öz maraqlarından çıxış
edərək onlardan istifadə etməlidir. Bütün bunlar bizim üçün təzədir. Deyə bilərəm
ki, bu istiqamətdə müəyyən irəliləyiş əldə olunub. Konkret faktları açıqlamaq
düzgün olmazdı. Bununla belə, mən deyə bilərəm ki, Azərbaycan lobbisi ifadəsi
artıq utopiya deyil, tezliklə biz hamımız güclü Azərbaycan lobbisinin şahidi
olacağıq.
- Dünya Azərbaycanlılarının III Qurultayında hansı
məsələlərə diqqət yetiriləcək və qarşıya nə kimi vəzifələrin qoyulacağı gözlənilir?
- Dünya Azərbaycanlılarının
III Qurultayında qarşıya duran vəzifələr qurultayda müəyyən olunacaq. Amma bəri
başdan söyləmək olar ki, Azərbaycan diasporunun daha gücləndirilməsi, xaricdə
yaşayan azərbaycanlılara öz milli-mənəvi dəyərlərini qoruyub saxlamaları, Azərbaycan
həqiqətlərini təbliğ etmələri, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal
rol oynamaları üçün Azərbaycan dövləti bundan sonra da onlara qayğı göstərəcək.
Müasir qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri,
diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə rolunun getdikcə artması
Azərbaycanın öz diasporu ilə sıx əməkdaşlığını labüd edir. 1993-cü ildə ulu öndərimizin
xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışından və prezident seçilməsindən dərhal
sonra etdiyi xarici səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə
görüşləri, onları yaşadıqları ölkələrdə bir-birlərinin maraqlarını müdafiə etməyə,
xalqımızın zəngin mədəniyyəti və incəsənətini, adət-ənənələrini yaşatmağa,
tarixi Vətənlə bağlarını daha da möhkəmləndirməyə, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasında iştirak etməyə çağırması Heydər Əliyevin
uzaqgörənliyinin daha bir sübutudur. Ümummilli liderimiz hələ vaxt diasporların
gələcəkdə rolunun artacağını, onların dövlət və hökumətlərin siyasətinə təsir
göstərə biləcək dərəcədə güclənəcəyini görürdü. O zaman Azərbaycanın ümummilli
liderinin "Azərbaycan – bütün dünya azərbaycanlılarının Vətənidir" ifadəsi və
onları "azərbaycançılıq" ideyası ətrafında birləşmək çağırışı vaxtında verilmiş
taleyüklü qərar idi. Həmin qərar Azərbaycanın gələcək bir neçə on ili üçün
verilmiş bir qərar idi.
Bu gün Heydər Əliyev siyasi kursunun davamçısı
olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir dünyada
diasporların rolunun gücləndiyini düzgün qiymətləndirərək diaspor quruculuğu
işinə xüsusi diqqət yetirir. 2006-cı ildə Bakıda Dünya Azərbaycanlılarının II
Qurultayı keçirilməsi, dövlət başçımızın 19 noyabr 2008-ci il tarixli sərəncamı
ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında
Diasporla İş üzrə Dövlət Komitəsi yaradılması bu diqqətin göstəricisidir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi qayğısının nəticəsidir
ki, Azərbaycan diasporu qısa müddət ərzində böyük inkişaf yolu keçərək gənc
olmasına baxmayaraq dünyada ən dinamik inkişaf edən diasporlardan birinə
çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB