Psixoloji xidmətlərin gücləndirilməsi müzakirə olunub

Psixoloji xidmətlərin gücləndirilməsi müzakirə olunub

Psixoloji xidmətin uşaqların şəxsiyyət kimi formalaşmasında, onların ünsiyyət, emosional, əqli və iradi sferalarının inkişafında, intellektual qabiliyyətlərinin müəyyənləşdirilməsində, ruhi-mənəvi sağlamlığının təmin edilməsində əhəmiyyəti danılmazdır.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Şurasının dəstəyi ilə "Orta məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsinə dəstək və təhsil müəssisələrində psixoloqların rolunun artırılması" layihəsi çərçivəsində keçirilmiş dəyirmi masada səsləndirilib.

Tədbirdə iştirak edən Ombudsman Aparatının sektor müdiri, psixoloq Yeganə Cəfərova və əməkdaşı Nigar Şəbiyeva çıxışlarında qeyd ediblər ki, Uşaq Hüquqları Konvensiyasının 27-ci maddəsinə görə, "hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Dövlətin vəzifəsi bu məsuliyyətin həyata keçirilməsi üçün müvafiq şərait yaratmaqdan ibarətdir."

Ombudsman Elmira Süleymanovanın psixoloji xidmətin yalnız orta ümumtəhsil məktəblərində deyil, həmçinin uşaq evlərində, ahıl və əlillər üçün pansionatlarda da təşkilini, eyni zamanda orta məktəblərdə psixoloji xidmət işinin keyfiyyətini artırmaq üçün əsasnamənin təkmilləşdirilməsini, yalnız uşaqlarla deyil, müəllim və valideynlərlə psixo-konsultasiya işi aparılmasını, inklüziv təhsili həyata keçirən pilot məktəblərdə psixoloji xidmətin daha önəmli olmasını nəzərə alaraq, əlavə bir "psixoloq" ştat vahidinin verilməsini təklif etdiyi qeyd olunub.

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququnun olduğu diqqətə çatdırılıb.

Layihənin nəticələri, eyni zamanda təkliflər qeyd edilməklə Təhsil Nazirliyinə müraciət ünvanlamaq tövsiyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə