Bakıda “Əmək Miqrantlarının Sosial Müdafiəsi və Qloballaşma” mövzusunda beynəlxalq texniki seminar keçiriləcək

Bakıda “Əmək Miqrantlarının Sosial Müdafiəsi və Qloballaşma” mövzusunda beynəlxalq texniki seminar keçiriləcək
28-29 iyun 2011-ci il tarixində Bakıda "Park İnn" otelində "Əmək Miqrantlarının Sosial Müdafiəsi və Qloballaşma" mövzusunda beynəlxalq texniki seminar keçiriləcək. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF), Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) və Beynəlxalq Pensiya və Sığorta Fondları Assosiasiyasının (BPSFA) birgə təşkilatçılığı ilə baş tutacaq beynəlxalq tədbirdə Almaniya, Rusiya, Hollandiya, Albaniya, Polşa, Moldova, Qazaxıstan, Tacikistan, İspaniya, İsveç və s. ölkələrin sığorta-pensiya fondlarının rəhbər şəxsləri iştirak edəcəklər. Bundan başqa, seminara Qeyri-Dövlət Pensiya Fondları Milli Assosiasiyasının, Beynəlxalq Əmək Təşkilatının və bir sıra nüfuzlu qurumların nümayəndələri qatılacaqlar.

İki gün davam edəcək beynəlxalq seminarda bütün dünyada sosial təminatın əhatə dairəsinin genişləndirilməsi və əmək miqrantlarının müdafiəsi sahəsində BSTA strategiyası təqdim olunacaq, əmək miqrantları üzrə dövlət siyasəti və strateji yanaşmalar, Avrasiyada miqrantların sosial müdafiəsi, əmək miqrantlarının qorunması üçün beynəlxalq modellər, Avropa Birliyi və son dəyişikliklər çərçivəsində əmək miqrantları və onların hüquqlarının qorunması ilə bağlı AB-nin siyasəti və başqa bu kimi mövzularda çıxışlar ediləcək, qaldırılan məsələlər ətrafında müzakirələr aparılacaq. Seminarda ötən 5 il ərzində Azərbaycanda əmək miqrantlarına münasibətdə hansı xüsusi tədbirlərin həyata keçirildiyi barədə də ətraflı məlumat veriləcəkdir.

Seminar çərçivəsində DSMF-nin binasında BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək.

Xatırladaq ki, Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, 2004-cü ildə ölkəmiz Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü, 2007-ci ildə isə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Azərbaycan Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə