Şurada insan hüquqları və demokratiya ilə bağlı layihələrin icrası müzakirə edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ilin birinci yarısında ayrı-ayrı istiqamətlər üzrə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı müzakirələri davam etdirir.
SİA-nın xəbərinə görə, bu gün insan hüquqları və demokratiya istiqaməti üzrə maliyyələşdirilmiş layihələrin icra vəziyyəti müzakirə edilib. Tədbiri açan Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov qeyd edib ki, ölkədə insan hüquqlarının qorunması və demokratiyanın dərinləşməsi ilə bağlı dövlət tərəfindən görülən işlərə vətəndaş cəmiyyətinin dəstək verməsi son dərəcə vacibdir. F.Qurbanov layihələrin icrasında qazanılmış uğurlu nəticələr, eləcə də yol verilmiş nöqsanlar barədə danışıb. Nöqsanların aradan qaldırılması üçün layihə və QHT rəhbərləri təlimatlandırılıb.
Layihələrin icrasına nəzarəti həyata keçirmiş Şura əməkdaşı E.Bağırovun verdiyi məlumatda qeyd edilib ki, 2011-ci ilin birinci yarısında insan hüquqları və demokratiya istiqaməti üzrə maliyyələşdirilmiş 16 layihəyə 91.200 manat vəsait ayrılıb. E.Bağırov bildirib ki, bu layihələr ölkənin 16 rayon və şəhərini əhatə edib. Layihələrin icrasına cəlb edilmiş şəxslərdən 40 nəfəri aylıq əməkhaqqı alıb.
Layihələr çərçivəsində 2 QHT mövzuya aid müxtəlif kitab, broşur və buklet çap edərək yayıb, 3 QHT təlimlər və seminarlar təşkil edib, 3 QHT monitorinq və sorğular keçirib, 3 QHT təlimlər keçib, 1 QHT ictimai debat təşkil edib, 3 QHT maarifləndirmə tədbirləri həyata keçirib.
Müzakirələrdə çıxış edən QHT və layihə rəhbərləri Q.Budaqova, Y.Cəfərli, B.Qarayev, H.Mürsəlov, O.Ağayev, K.Abdullayeva, Ç.Gülalıyev və başqaları layihələrin icrası ilə bağlı öz fikir və təkliflərini bildiriblər.
29 iyun 2011-ci ildə mədəniyyət məsələləri ilə bağlı təşəbbüslər üzrə maliyyələşdirilən layihələrin icra vəziyyəti müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB