BDM-in sədri Rusiyanın Sankt-Peterburq şəhərində işgüzar səfərdə olub
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev Rusiyanın Sankt-Peterburq şəhərində işgüzar səfərdə olub. BDM-dən SİA-ya verilən xəbərə görə, İsmayıl Ağayev Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulu Qüdsi Osmanovla görüşüb. Səmimi keçirilən görüşdə İ.Ağayev BDM-in həyata keçirdiyi işlər haqqında Baş konsula geniş məlumat verib. Öz növbəsində Baş konsul Q.Osmanov diasporumuzun inkişafı istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasəti, habelə, Sankt-Peterburq şəhərində diaspor təşkilatlarımızın Azərbaycan icmasının fəaliyyəti ilə tanış edib. Baş konsul yeni formatda çap etdirdiyi professor Sabir Əsədovun "İstoriçeskaya Qeoqrafiya Zapadnoqo Azerbaydjana" kitabını İsmayıl Ağayevə təqdim edib. Qeyd edək ki, adı çəkilən kitab Sankt-Peterburq Universitetində nəşr edilib. BDM sədri səfər çərçivəsində Sankt-Peterburq şəhərində yeni yaradılmış Naxçıvan İnformasiya Mərkəzinin rəhbəri İdris Qəhrəmanovla da görüşüb. Görüşdə Azərbaycan lobbisinin Rusiyada möhkəmləndirilməsi, diaspor təşkilatları arasında informasiya mübadiləsinin genişləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi haqda razılıq əldə olunub. Qeyd edək ki, İdris Qəhrəmanov Sankt-Peterburq şəhərində tanınmış ziyalı və nüfuzlu iş adamı olaraq Azərbaycan diasporunun öndə gələn şəxslərindəndir. BDM sədri Sankt-Peterburq səfərini uğurla başa çatdıraraq, Rusiyanın ikinci böyük şəhərində həm Azərbaycan diasporunun yüksək səviyyədə olduğunu, həm də respublikamızın buradakı diplomatik nümayəndəliyinin layiqincə ölkəmizi təmsil etdiyini bildirib.
İ.Ağayevin keçirdiyi görüşlərdə BDM-in adı çəkilən region üzrə koordinatoru Şirin Şirxanov da iştirak edib. Qeyd edək ki, BDM-in Sankt-Peterburq nümayəndəliyi formalaşmaqdadır. Önümüzdəki ay mərkəzin İdarə heyətinin növbəti toplantısında Sankt-Peterburq nümayəndəliyinə rəhbər təyin olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB