Şurada təhsillə bağlı layihələrin icrası müzakirə edildi

Şurada təhsillə bağlı layihələrin icrası müzakirə edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ilin birinci yarısında ayrı-ayrı istiqamətlər üzrə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı müzakirələri davam etdirir.

SİA-nın xəbərinə görə, bu gün təhsil məsələlərinə dair təşəbbüslər istiqamətlərində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti müzakirə edilib. QHT və layihə rəhbərləri, eləcə də media təmsilçilərinin iştirakı ilə keçən tədbiri Şuranın icraçı direktoru Fərasət Qurbanov açaraq bildirib ki, təhsillə bağlı layihələr daim Şuranın maliyyələşdirdiyi prioritet istiqamətlər arasında olub. F.Qurbanov layihələrin icrasında qazanılmış uğurlu nəticələri qeyd edib və yol verilmiş nöqsanlara münasibət bildirib. Nöqsanların aradan qaldırılması üçün layihə və QHT rəhbərləri təlimatlandırılıb.

Layihələrin icrasına nəzarəti həyata keçirmiş Şura əməkdaşı N.Ağakişiyevanın verdiyi məlumatda qeyd edilib ki, 2011-ci ilin birinci yarısında təhsil məsələlərinə dair QHT təşəbbüsləri üzrə maliyyələşdirilmiş 30 layihəyə 189.000 manat vəsait ayrılıb. N.Ağakişiyeva bildirib ki, bu layihələr ölkənin 18 rayon və şəhərini əhatə edib, onların icrasında əməkhaqqı alan 79 nəfər iştirak edib.

Layihələr çərçivəsində 6 QHT təhsilə aid müxtəlif kitab, broşur və buklet çap edərək yayıb, 10 QHT təlimlər və seminarlar təşkil edib, 5 QHT monitorinq və sorğular keçirib, 5 QHT kurslar yaradıb, 2 QHT debat və forum təşkil edib, 1 QHT video-treninq planını reallaşdırıb və sair.

Bütün bu tədbirlərin təhsilin inkişafına müsbət təsirlər göstərdiyi vurğulanıb və layihələrin icrası üçün bir sıra xarakterik məqamlar təhlil edilərək qiymətləndirilib.

Müzakirələrdə çıxış edən QHT və layihə rəhbərləri E.Aslanov, E.Rəhimova, F.Məmmədov, N.Əliyev, V.Əhmədov, L.Cavadzadə, S. Mehdizadə, L.Kərimova, M,Züynalova, E.Salmanov, M.Zülfüqarlı, E.Əliyev və başqaları layihələrin icrası ilə bağlı öz fikir və təkliflərini bildiriblər.

İnsan hüquqları və demokratiya istiqaməti üzrə maliyyələşdirilmiş layihələrin icra vəziyyəti ilə bağlı müzakirələr 24 iyun 2011-ci ildə keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə