“Azərbaycanın dövlət qulluğu yeni inkişaf mərhələsində” adlı elmi-praktik konfrans keçirilib

“Azərbaycanın dövlət qulluğu yeni inkişaf mərhələsində” adlı elmi-praktik konfrans keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycanın dövlət qulluğu yeni inkişaf mərhələsində" adlı elmi-praktik konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfrans dövlət qulluqçularının peşə bayramı və Beynəlxalq Dövlət Qulluğu Gününə həsr olunub.


Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov, DİA-nın professor-müəllim heyəti və müdavimlər, mərkəzi icra hakimiyyəti orqanlarının məsul işçiləri və digər qonaqlar iştirak ediblər.


Konfransı DİA-nın rektor əvəzi Əlikram Abdullayev açaraq müstəqil Azərbaycan Respublikasında dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərinə ümummilli lider Heydər Əliyevin töhfələrini vurğulayıb. O, respublikada dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlardan söz açıb, bu məsələlərin Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanıldığını bildirib. Artıq ölkədə çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən Ə.Abdullayev uzun illər ərzində idarəçilik sistemində fəaliyyət göstərən və bu sahədə zəngin təcrübəyə malik olan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Dövlət Qulluğunu İdarəetmə Şurasına başçılıq etməsinin qurumun uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri olduğunu bildirib.


DQMK-nın sədri Bəhram Xəlilov dövlət qulluğu sistemindəki yeniliklərdən danışıb. O bildirib ki, 12 ildən çox fəaliyyət göstərən komissiyada bu müddət ərzində müxtəlif islahatlar həyata keçirilib, beynəlxalq təcrübə öyrənilib və dövlət qulluğu sahəsində yeniliklər tətbiq edilib: "Ötən müddət ərzində Azərbaycanda dövlət qulluğu sahəsində böyük uğurlar əldə olunub. Dövlət qulluğuna qəbul obyektivlik və şəffaflıq əsasında həyata keçirilir. Yeniliklərdən biri də müsabiqələr zamanı namizədlərin öz ərizələrini internet vasitəsilə təqdim etmələdir. Belə ki, belə ki, bu yaxınlarda 200-ə yaxın vakant dövlət qulluğu vəzifələrinə müsabiqə elan edilib və burada iştirak etmək istəyən namizədlər öz ərizələrini internetdə doldura bilərlər. Yalnız ikinci mərhələyə keçən namizədlər lazım olan digər sənədləri də komissiyaya təqdim edəcək. Bundan əlavə, komissiyada keçirilən müsahibələrdə subyektivlik çoxdan aradan qaldırılıb, etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə aparılır".


Tədbirin davamında BMT-nin İnkişaf Proqramının daimi nümayəndəsinin müavini Nato Alxazişvili "BMT-nin dövlət qulluğuna dair məsələlərə yanaşması", DİA-nın Dövlət idarəetməsi və menecment kafedrasının müdiri Eldar Azadov "Elektron xidmətlər elektron hökumətin tərkib hissəsi kimi" mövzusunda məruzə ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə