ARDNŞ-in Mühafizə xidmətinin əməkdaşları vətəndaşların evini niyə sökür? - VƏTƏNDAŞ TRİBUNASI

ARDNŞ-in Mühafizə xidmətinin əməkdaşları vətəndaşların evini niyə sökür? - VƏTƏNDAŞ TRİBUNASI

Son zamanlar SİA-nın poçtuna əsasən Binəqədi, Balaxanı, Bibiheybət, Suraxanı rayon ərazisində yaşayan sakinlərdən daxil olan şikayət ərizələrinin çoxluğu diqqətimizi cəlb edib. Bunu nəzərə alıb aidiyyəti orqanlara müraciət etməyi lazım bildik ki, təxminən oxşar məzmunlu şikayət məktublarının hamısına birdəfəlik cavab verək.

Şikayət məktublarının məzmunu bundan ibarətdir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Təhlükəsizlik İdarəsinin Hərbiləşdirilmiş Mühafizə Departamentinin komandaları indi də çoxdan inşa edilmiş, lakin Şirkətin balansında olan torpaqlarda olan evlərin sökülməsi məqsədi ilə sakinlərə təzyiqlərini artırıblar. Şikayətçilər onu da qeyd edirlər ki, düzdür, bu evlərin bəziləri sənədsiz olsa da, hələ sovet vaxtından yaşadıqları üçün ağıllarına da gəlməyib ki, kimsə onları narahat edər. Amma xeyli müddətdir ki, ARDNŞ-in mühafizə xidmətinin əməkdaşları vaxt-bivaxt həyətimizə girir, divarlarımızı uçurur, bizi evlərimizi sökəcəkləri ilə hədələyirlər. Hamımıza bəllidir ki, prezidentimiz məsələ ilə bağlı yaranmış problemin həllini aidiyyatı qurumlara tapşırıb. Hər halda bizim gözləməyimiz lazımdır. Təbii ki, bu sözlər ARDNŞ-in mühavizəçilərinə də aid edilməlidir.

Məsələ ilə bağlı ARDNŞ-in mətbuat xidmətinə zəng vurduq. Xidmətin rəhbəri bildirdi ki, əvvəla şirkətə aid torpaqlarda istənilən şəxsin ev tikməsi qadağandır. Bələdiyyələr, icra strukturları tərəfindən vətəndaşlara yeni evlərin tikilməsi üçün paylanan torpaqlar da qanuni qüvvədə deyil. Qaldı köhnədən inşa edilmiş evlərə, bu artıq dövlət başçısının səlahiyyətində olan məsələdir. Amma şirkətin əməkdaşlarından kimsə vətəndaşın köhnədən tikilmiş evlərini sökməyə cəhd edirsə buna biz yol vermərik, bu barədə kiməsə göstəriş verilməyib.


Bütün xəbərlər Facebook səhifəmizdə