Bu gün Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) www.ushaqlar.az və valideyn, mütəxəssislər üçün "Uşaq İnkişafı üzrə Tövsiyələr" adlı kitabın təqdimatını keçirib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan qurumun sədri Hicran Hüseynova bildirib ki, uşaq hüquqlarının təmin edilməsi, onların qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli və layiqli vətəndaş kimi formalaşması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, bunlarla yanaşı, uşaq hüquqlarının hərtərəfli təmin edilməsi, uşaq problemlərinin həlli bu istiqamətdə ardıcıl şəkildə kompleks tədbirlərin keçirilməsini reallaşdırır.
"Artıq 3 ildir ki, komitənin veb-saytı fəaliyyət göstərir. Bu gün təqdimatı keçirilən yeni saytın hazırlanmasında isə məqsəd valideyn və uşaqları faydalı informasiyalarla təmin etməkdir. 9 əsas bölmədən ibarət olan saytda uşaqlarla bağlı qanunvericilik bazası, uşaqlar haqqında statistik göstəricilər, onların məlumatlandırılması və bunun üçün lazımi məlumatlar yerləşdirilib. Yeni saytın yaradılması ilə hər kəsin Azərbaycanda uşaqlarla bağlı bir sıra elmi, nəzəri, praktiki, informasiya xarakterli məlumatları əldə etməsinə şərait yaradılıb", - deyə o əlavə edib.
Daha sonra komitə sədri "Uşaq İnkişafı üzrə Tövsiyələr" adlı kitab barədə məlumat verib. Üç hissədən ibarət olan vəsaitin hazırlanmasında məqsəd uşaqlarla işləyən hər bir şəxsin uşağın inkişaf mərhələləri və normal inkişaf göstəriciləri barədə maarifləndirilməsinə kömək göstərməkdən ibarət olduğunu deyən H.Hüseynovanın sözlərinə görə, burada valideyn və mütəxəssislər üçün uşağın ayrı-ayrı yaş dövrləri üzrə tövsiyələr, həmçinin psixoloq məsləhətləri verilib.
Tədbirin davamında çıxış edən Milli Televiziya və Radio Şurasının üzvü, \"Kaspi\" Təhsil Şurasının sədri Sona Vəliyeva uşaqlar üçün saytın və vəsaitin hazırlanmasını yüksək qiymətləndirib. O bildirib ki, millətin, cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarını müdafiə etmək vacib məsələdir. Onun sözlərinə görə, uşaqlar yaşadığı cəmiyyətdə rəğbət və hörmət hüququ ilə yaşamalıdır: \"Uşaqların hüquqlarının qorunması və inkişafı bu gün dövlətin əsas prioritet istiqamətlərindəndir. Uşaqların hüquqlarının qurunması, dövlətin bu istiqamətdə apardığı siyasət KİV-də geniş işıqlandırılmalıdır. Cəmiyyətin inkişafında mühüm rol oynayan uşaqlara hüquqlarının öyrədilməsi, başa salınması, bütövlükdə fiziki, psixoloji cəhətdən hazırlanmaları əsas məsələlərdən biridir. Özünüdərk, özünün daxili potensialı inkişafa uyğunlaşdırılmalıdır. İnsan öz hüquqlarını biləndə o güclü olur, əks təqdirdə isə zəif və gücsüz olur\".
Tədbirin davamında çıxış edən qonaqlar komitə tərəfindən görülən işlərin, yeni sayt və vəsaitin hazırlanmasının uşaq hüquqlarının qorunmasına yüksək təsir göstərəcəyini qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB