Gəncəliləri gözləyən təhlükə - FOTO

Gəncəliləri gözləyən təhlükə - FOTO

Gəncədə sərinləşdirici su və şirələrin sanitar norma və tələblərə cavab verməyən şəraitdə satışı davam edir. Hər il olduğu kimi bu ildə yay mövsümünün gəlişi ilə əlaqədar bəzi "ticarətçilər" göbələk kimi artmaqdadır. Apardığımız müşahidələr göstərir ki, belə obyektlər sanitar qaydalara cavab verməyən şəkildə su satışını həyata keçirir. Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri əvəzi Əli Qarayev SİA-ya bildirib ki, sərinləşdirici su və şirələrin satışı ilə məşğul olan vətəndaşlara adıçəkilən qurum tərəfindən xəbərdarlıq edilib və rəsmi məktub göndərilib: "Məktubda deyilir ki, su satışı köşklərində axar su sistemi təmin edilməli, sular bağlı şüşələrdə satılmalı, hazırlanan şirələrin mənşəyi məlum olmalı və dövlət standartından keçməli, birdəfəlik stəkanlardan istifadə edilməli və şəxsi gigiyena qaydalarına əməl olunmalıdır".

Sadalanan şərtlərə cavab verməyən köşklərdə satılan sərinləşdirici sular müxtəlif yoluxucu xəstəliklərin yayılması riskini artırır deyən qurum rəsmisi qeyd edib ki, vəziyyətin ağırlığını nəzərə alan Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları məcbur olub küçə-küçə yoxlamalar aparır. "Bütün tədbirlərə baxmayaraq sanitar norma və qaydalardan uzaq su satışı aparan vətəndaşların sayı kifayət qədərdir. Üstəlik bu dırnaqarası ticarətçilər özlərini haqlı çıxarmağı da yaxşı bacarır".

Biz də bunun şahidi olduq. Su satışı ilə məşğul olan cavan oğlan çəkiliş aparmağımıza mane olmağa çalışıb. Özünü təqdim etməkdən yayınan şəxs hər vəchlə fotoaparata əl atır və KİV nümayəndələrini hədələyir. Hər halda müstəqil mətbuata qarşı bu cür hallar qeydə alınırsa, bu aidiyyəti şəxslərin vaxtında lazımı tədbir görməməsindən irəli gəlir. Əgər zamanında lazımı ölçü götürülsə idi belə ticarətçilər də mətbuatın üzərinə hücuma keçməzdilər.

Mütəxəssislər isə bildirib ki, hələlik nə vətəndaşlar, nə satıcılar gigiyenik tələblərə cavab verməyən su satışı obyektlərinin hansı kütləvi yoluxucu xəstəliklərə səbəb olacağını dərk edə bilmir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə