Fiziki qüsuru olan uşaqların sosial inklüzivliyi və cəmiyyətə inteqrasiyası layihəsi çərçivəsində Yay Düşərgəsi keçiriləcək

Fiziki qüsuru olan uşaqların sosial inklüzivliyi və cəmiyyətə inteqrasiyası layihəsi çərçivəsində Yay Düşərgəsi keçiriləcək

24-26 iyun 2011-ci il tarixdə "NUR" Uşaq və Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Fiziki qüsuru olan uşaqların sosial inklüzivliyi və cəmiyyətə inteqrasiyası" Layihəsi çərçivəsində Yay Düşərgəsi təşkil edəcək.

"NUR" UGİB sədrinin müavini Fidan Kərimli SİA-ya verilən məlumata görə, düşərgə "Cırtdan" Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində keçiriləcək. Yay Düşərgəsində 12-18 yaşlı 30 nəfər uşaq (15 fiziki qüsuru olan uşaq və 15 sağlam uşaq) iştirak edəcək.

Bu layihənin həyata keçirilməsində başlıca məqsəd fiziki imkanları məhdud uşaqların sosial inklüzivliyini, cəmiyyətə inteqrasiyasını və onların iştirak etməyə dair motivasiyasını artırmaq, uşaqların asudə vaxtının səmərəli təşkilini təmin etmək, uşaqlar arasında sağlam həyat tərzinin təbliğ etmək, sağlamlıq imkanları məhdud olan və sağlam uşaqların bərabər hüquqlarını və iştirakını təmin etməkdən ibarətdir.

Sağlamlıq imkanları məhdud uşaqlar xüsusi diqqət, qayğı və yardıma ehtiyacı olan, xüsusilə çətin şəraitdə yaşayan uşaqlar qrupuna aid edilir. Əlil uşaqların ailələrinə öz uşaqlarına daha yaxşı qayğı göstərə bilmələri, onların təcrid olunmasını və müəssisələrdə yerləşdirilməsini azaltmaq üçün təlimlər və proqramlar həyata keçirilməlidir.

Əlil uşaq və yeniyetmələrin ictimai tədbirlərə cəlb edilməsi xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətdən və yaşıdlarından təcrid olunmaqdan xilas edir, onlarda özünə inam hissi yaradır, sağlam uşaqlarda isə onlara qarşı tolerantlıq, mərhəmət, qayğı hisslərinin formalaşmasına səbəb olur. Sağlamlıq imkanı məhdud olan və sağlam gənclərin iştirak etdiyi birgə tədbirlər gənclərin sosial, intellektual və emosional inkişafının təmin edilməsinə, onların arasında ünsiyyətin asanlaşdırılmasına əvəzsiz tövhələr verir.

Bütün xəbərlər Facebook səhifəmizdə