İcra başçısı Gəncədə aparılan yenidənqurma və tikinti işləri ilə maraqlanıb - FOTO

İcra başçısı Gəncədə aparılan yenidənqurma və tikinti işləri ilə maraqlanıb - FOTO

İcra başçısı Elmar Vəliyev şəhərdə aparılan yenidənqurma və tikinti işlərinin gedişi ilə maraqlanıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, icra başçısı iş gedən ərazilərdə olub, mövcud vəziyyəti araşdırıb. İcra başçısı Şəhidlər xiyabanında ucaldılan abidə kompleksinin inşasına baş çəkib. Ona məlumat verilib ki, abidə kompleksinin inşası sürətlə aparılır və abidənin ilkin sütunları hazırdır. Kümbəz forması alacaq abidənin ümumi hündürlüyü 18 metr, üst hissəsinə qoyulacaq kümbəzin hündürlüyü isə 4 metr olacaq. Tikili xüsusi ornamentlərlə, 8 guşəli ulduz formasında tikiləcək. İcra başçısı həmçinin şəhidlərin qəbirlərinə də baş çəkib. Elmar Vəliyev burada şəhid ailələri ilə də görüşüb.

Bundan sonra şəhərin Gülüstan qəsəbəsində inşa olunan 5 bulaq abidə kompleksində aparılan yenidən qurma işləri barədə icra başçısına məlumat verilib. Üç bulaq kimi tanınan abidə kompleksində bulaqların sayı 5 çatdırılıb. Ətraf ərazilərdə isə yaşıllıq zolaqları salınacaq.

İcra başçısı Avtozavod qəsəbəsində də olub. Elmar Vəliyev sonra Gəncə şəhər İmamzadə Kompleksinə gəlib.

Qeyd edək ki, təkcə İmamzadə kompleksinin yenidən qurulması üçün prezidentin ehtiyat fondundan təxminən 3 milyon manat vəsait ayrılıb. Ümumi sahəsi 2,5 ha olan ərazidə uzunluğu 100, eni 15 metr olan yeni kompleks tikilir. Ziyarətgahda 5 böyük, 36 kiçik kümbəz inşa olunacaq. Tikintidə əsasən yerli materiallardan xüsusi ilə Gəncənin rəmzi olan qırmızı kərpicdən istifadə olunur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə