Londonda Milli Qəhrəman Çingiz Mustafayevin xatirə gecəsi keçirilib

Londonda Milli Qəhrəman Çingiz Mustafayevin xatirə gecəsi keçirilib
İyun ayının 18-də Londondakı Azərbaycan Evində görkəmli jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin ölümünün ildönümünə həsr edilmiş xatirə gecəsi keçirilib. Azərbaycanın Britaniyadakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə Britaniya ictimaiyyətinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və Səfirlik əməkdaşları iştirak ediblər.

Tədbir Çingiz Mustafayevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra jurnalistin həyat və fəaliyyətindən bəhs edən, ANS televiziyasının hazırladığı və ötən il CNN televiziyasında yayımlanmış film nümayiş etdirilib. Bunun ardınca Səfir Fəxrəddin Qurbanov, BBC-nin keçmiş əməkdaşı, hazırda Gruntlers Art qrupunun üzvü, yazıçı-jurnalist Vladimir Videman, Avropa - Azərbaycan Cəmiyyətinin təmsilçisi Emil Ağazadə çıxış ediblər.

Çıxışlarda jurnalistin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində cərəyan edən hərbi əməliyyatların beynəlxalq ictimaiyyətə çatdırılmasında əvəzsiz rolu qeyd edilib. Onun yeni jurnalistikanın yaradılmasına təsirindən bəhs olunmuş, Dağlıq Qarabağ müharibəsi, xüsusilə də Xocalı faciəsi haqda məlumatın ilk dəfə məhz onun səyləri nəticəsində yerli və beynəlxalq ictimayyətin diqqətinə çatdırıldığı ifadə edilib. Azərbaycan gənclərinin, xüsusilə arici ölkələrdə yaşayan gənclərin belə qəhrəmanların həyat və yaradıcılığını öyrənmələrinin vacibliyi vurğulanıb. Hazırda Çingiz Mustafayevin adına radio və fondun fəaliyyət göstərdiyi, onun adının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən bəhs olunub.

Çıxışların ardınca Londonda fəaliyyət göstərən həmyerlilərimiz Babək Bəxtəvər və Fərhad Əmirinin ifasında vətənpərvərlik ruhlu musiqi parçaları ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com