Tanınmış incəsənət adamları YAP sıralarına qoşuldular - FOTO

Tanınmış incəsənət adamları YAP sıralarına qoşuldular - FOTO

Bu gün bir qrup tanınmış gənc sənətçi Yeni Azərbaycan Partiyasına (YAP) üzv olublar. Bununla bağlı YAP-ın qərargahında keçirilən mərasimdə çıxış edən partiyanın icra katibi, millət vəkili Əli Əhmədov bugünkü görüşün xüsusi bir missiya olduğunu deyib: "Bu missiyanı yüksək qiymətləndirərək sizin hər birinizi əlamətdar seçiminizlə bağlı təbrik edirəm. Bu gün mədəniyyətimizin dəyərli adamlarının bir qismi Yeni Azərbaycan Partiyasına üzv olacaqlar. YAP üzvlərinin sayı kifayət qədər çoxdur. Hazırda üzvlərin sayı 540 minə yaxınlaşır və bu, ölkə miqyasında kifayət qədər böyük bir rəqəmdir. Azərbaycanda heç zaman bu qədər üzvü olan partiya olmayıb. Hətta keçmiş SSRİ dönəmində Azərbaycanda bir partiya mövcud olsa da 70 illik Kommunist Partiyasının üzvlərinin sayı 400 minə çatmayıb. Amma 20 yaşı tamam olmamış partiyanın üzvlərinin sayı 500 mini keçib və hər il YAP-a 25-30 min insan daxil olur. Bizim üçün statistika yox, onun arxasında duran həqiqətlər əhəmiyyətlidir".

Partiyanın gücünü, onun böyüklüyünü təkcə rəqəmlərdə görmürük deyən Ə.Əhmədov bildirib ki, partiyanın gücü həm də onun nüfuzunda, hörmətində, əzəmətindədir, onun cəmiyyətimiz tərəfindən dəstəklənməsindədir: "Bizim üçün partiyaya üzv olan hər hansı bir şəxs təkcə onun sayını artırmır, həm də cəmiyyətimizin hörmətli, qiymətli, nüfuzlu insanları kimi YAP-ın hörmətini daha qaldırır, əzəmətini yüksəldir. Partiyaya daxil olan hər bir kəs əslində böyük zəhmət, bacarıq hesabına cəmiyyətdə əldə etdiyi nüfuzu ilə YAP-ın hörmətini artırır. YAP bir ordudur. Bu ordunun gücünü formalaşdıran çoxlu sayda insanlardır, onların cəmiyyətdə tutduğu mövqedir, yerdir, onların Azərbaycanın inkişafına verdiyi töhfələrdir, onlara insanların inamıdır. YAP-ın gücünün, nüfuzunun bir hissəsi, bir əlaməti də insanlarımızın partiyaya inamıdır. Əgər insanlar inanmasaydı yəqin ki, 500 mindən yuxarı Azərbaycan vətəndaşı partiyanın sıralarına daxil olmazdı. Bu inamın kökündə də ulu öndər Heydər Əliyevə, onun müəyyənləşdirdiyi siyasətə, bu gün ölkəmizə rəhbərlik edən İlham Əliyevə, onun həyata keçirdiyi siyasətə insanların inamı dayanıb".

Partiya rəsmisi gənc sənətçilərə uğurlu bir seçim etdiklərini deyib: "YAP-ın sıralarında olmağınız çox əhəmiyyətli bir seçimdir və siz doğru seçim etmisiniz. Hər bir insan həyatında önəmli seçimlər edir. Güman edirəm ki, bugünkü seçim həyatınızda etdiyiniz ən əhəmiyyətli seçimdir. Həyatınızı artıq YAP-la bağlayırsınız. Yəqin ki, partiyanın həyata keçirdiyi siyasət sizi qane etdiyindən partiyanın üzvlük vəsiqəsini daşımaq qərarına gəlmisiniz. Mən inanıram ki, siz partiyanın nüfuzunu daha artıracaqsınız. Mən xüsusilə qeyd etmək istəyirəm ki, son bir neçə müddət ərzində mədəniyyət işçiləri, sənət adamları YAP-ı seçməyə başlayıblar. Əlbəttə daxilən, ürəklə bu seçim çox əvvəllər olmuşdur. Amma rəsmiləşmək baxımından son vaxtlar bir az da intensivləşib və güman edirəm ki, bu proses dayanmayacaqdır".

Ə.Əhmədov gənc sənətçiləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra əməkdar artistlər Gülyanaq Məmmədovaya, Gülyaz Məmmədovaya, Tünzalə Ağayevaya, aktrisa Vəfa Rzayevaya, aktyor, teleaparıcı Azər Şabanova, gənc müğənnilər Samir Şirinova, Rəşad İlyasova, aktyor Rüfət Nəzərova, tanınmış skripkaçı Ceyhun İsmayılova YAP-ın üzvlük vəsiqələri təqdim olunub.

Sənətçilər də öz növbələrində onlara göstərilən diqqətə, qayğıya görə təşəkkürlərini bildiribr və etimadı doğruldacaqlarına söz veriblər.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə