Cəlilabad Müalicə Diaqnostika Mərkəzində açıq ürək əməliyyatlarının icrasına başlanılıb

Cəlilabad Müalicə Diaqnostika Mərkəzində açıq ürək əməliyyatlarının icrasına başlanılıb
İyunun 20-dən Cəlilabad Müalicə Diaqnostika Mərkəzində açıq ürək əməliyyatlarına start verilib. SİA-nın məlumatına görə Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-nin dəstəyi ilə keçirilən növbəti humanitar aksiya Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) yüksək ixtisaslı həkimlərdən ibarət kardiocərrahiyyə briqadası tərəfindən icra olunur. Cəlilabad bölgəsində ilk dəfə olaraq tətbiq olunan bu əməliyyatlar ümumilikdə 11 nəfəri əhatə edəcək. Müraciət edənlərin 8 nəfəri anadangəlmə ürək qüsurundan əziyyət çəkən, uzun illər müalicə almamış xəstələrdir. Əməliyyat olunacaq şəxslər arasında anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar da var. Əməliyyatların icrasına MNX-nın Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudov rəhbərlik edir. Cəlilabad MDM-də altı gün davam edəcək aksiya çərçivəsində telekörpü vasitəsi ilə "Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi" mövzusunda canlı konfrans da keçiriləcək. İyunun 22-də regionlar üzrə ilk dəfə olaraq keçiriləcək telekörpü ARDNŞ və Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı ılə baş tutacaq. Elmi-praktiki toplantıya xaricdən tanınmış mütəxəssislər, regional Müalicə Diaqnostika Mərkəzlərinin və digər səhiyyə müəssisələrinin həkim-kardioloqları dəvət olunub. Konfransda ürək və damar xəstəliklərinin ayrı-ayrı aspektlərdən tədqiqinə dair müxtəlif maraqlı məruzələr təqdim olunacaq. Konfrans zamanı açıq ürək əməliyyatının həyata keçirildiyi əməliyyat otağından görüntülər birbaşa zalda quraşdırılmış monitorlar vasitəsi ilə konfrans iştirakçılarına çatdırılacaq. Əməliyyatı icra edən cərrahlar bu zaman suallara cavab vermək imkanına da malik olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə