“Ölkənin qərb bölgəsində sahibkarlıqla məşğul olan qadınların fəaliyyətində problemlər var”
Hazırda qərb bölgəsində 2 minə yaxın qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onlar əsasən xidmət, kənd təsərrüfatı, səhiyyə sahələrində çalışırlar. Cari ilin əvvəlindən bu günə qədər Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Gəncə-Qazax regionunda çalışan sahibkar qadınların fəaliyyətinin gücləndirilməsi məqsədi ilə təxminən 500 min manata yaxın güzəştli kreditlər ayrılıb.
Respublika Qadın Sahibkarlar İctimai Birliyinin sədri Zenfira Ağayevanın SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, əsasən kiçik sahibkarlığa meyl göstərən qadınların fəaliyyətində bu gün uğurlarla yanaşı, bir sıra problemlər də mövcuddur: "Maliyyə çatışmazlığı, ayrılan vəsaitlərin düzgün istiqamətlərə yönləndirilməməsi nəticəsində sahibkarlıqla məşğul olan qadınların öz işlərini vaxtından əvvəl dayandırmasına səbəb olur. Ayrıca qadın sahibkarların fəaliyyətinə kiçik məmurların yersiz müdaxilələri də az deyil. Problemlərin araşdırılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu və Respublika Qadın Sahibkarları İctimai Birliyi tərəfindən qadın sahibkarlar arasında sorğular keçirilir. İstər anonim, istərsə də açıq rəyi soruşulan qadın sahibkarların üzləşdikləri problemlərin yenidən araşdırılmasına başlanılıb. Sorğunun nəticələrinə uyğun olaraq əlavə tədbirlər görüləcək".
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB