Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanına həsr edilən kitabın təqdimatı keçirilib
Biləsuvarda-Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun evində Gülsüm Adilqızının "Gül güldürər, güllə öldürər" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, təqdimat mərasimi "Vətən çağırır" qəzetinin təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan kitabın redaktoru Nəzakət Bayramova onun barəsində ətraflı məlumat verib. O bildirib ki, "Vətən çağırır" qəzeti Moskada nəşr olunur və bu vaxta kimi 18 kitab çap etdirib. Redaktorun sözlərinə görə, bu kitabların da hər biri Azərbaycan şəhidlərinə həsr olunub: "Kitabların yazılması zamanı şəhidlərin hər birinin ailə üzvləri ilə ayrı-ayrılıqda görüşülüb, döyüş yoldaşlarından münasibətlər öyrənilib. 19-cu kitab isə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunub".
Daha sonra çıxış edən Salyan rayon Ağsaqqallar Şurasının sədri, şəhid Elçinin atası Hacı Beydulla kitaba görə, müəllifə öz minnətdarlığını bildirib və Mübarizin qəhrəmanlığından danışıb.
Sonra isə söz kitabın müəllifi Gülsüm Adilqızına verilib. O da kitabın Mübarizin evində qonaq qalaraq, onun valideynlərindən, əzizlərindən topladığı yazılar əsasında hazırladığını söyləyib. Kitabın 347 səhifədən ibarət olduğunu vurğulayan müəllif qeyd edib ki, burada Milli Qəhramanın həyatı, göstərdiyi şücaətlər öz əksini tapıb.
Daha sonra söz tədbir iştirakçılarına verilib. Onların hər biri də öz növbələrində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətindən, onunla bağlı xatirələrindən danışıblar.
Tədbirin davamında "Vətən çağırır" qəzetinin Mübariz İbrahimovla bağlı elan etdiyi müsabiqə qaliblərinə diplomlar təqdim edilib. Kitabın müəllifi Gülsüm Adilqızı isə "Qızıl qələm" və diplomla təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB