2003-2010-cu illərdə təmas xəttində erməni snayperlərinin açdığı atəş nəticəsində 200-dən artıq Azərbaycan hərbçisi həlak olub
Atəşkəs müqaviləsindən sonrakı dövrdə 1994-2010-cu illərdə Azərbaycanın Ermənistan qoşunları ilə təmas xəttində itkiləri ümumilikdə 1500 nəfərə yaxın olub. Bu itkilərin təxminən 1000 nəfəri 1994-2000-ci illərə, 500 nəfəri isə 2000-2010-cu illərə aid edilir. Ermənistan tərəfinin də təxminən eyni sayda itki verdiyi ehtimal olunur. Araşdırmalar göstərir ki, təkcə 2003-2010-cu illərdə təmas xəttində erməni snayperlərinin açdığı atəş nəticəsində 200-dən artıq Azərbaycan hərbçisi həlak olub. SİA-nın xəbərinə görə, bunu "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli bildirib. Onun sözlərinə görə, 2011-ci ilin 5 ayı ərzində Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində ATƏT tərəfindən 10 monitorinq keçirilib. Müxtəliv mənbələrdən əldə olunmuş məlumatlara görə, ötən müddətdə Azərbaycan tərəfi 8 itki (1-i mülki), erməni tərəfi isə 7 itki verib. Azərbaycan tərəfindən 10 hərbi qulluqçu və 1 mülki şəxs yaralanıb. Erməni mətbuatı təmas xəttində 1 erməni hərbçisinin yaralandığını yazır. Ötən dövrdə cəbhə xəttində intensiv hərbi təlimlər keçirilib. Erməni tərəfi 10, Azərbaycan tərəfi isə 1 hərbi təlim keçirib.
Kazan görüşünə gəlincə hərbçi ekspert bildirib ki: " Bu və ondan sonrakı görüşlərdə tərəflərə təmas xəttində məsafənin artırılması perspektivi, mülki şəxslərin yaşayış əraziləri təmas xəttindən uzaqda olması, tərəflərin mövqeləri geri çəkmələri təklifi verilə bilər. Belə ki, təmas xəttində məsafə məsələsi 1994-cü ildə atəşkəs sazişi imzalanan ərəfədə müzakirə edilmişdi. Həmin vaxt təklif edilmişdi ki, hər iki tərəf 15 kilometr geri çəkilsin. Lakin, bu, Azərbaycanın milli maraqlarına uyğun deyildi. Çünki işğal olunmuş torpaqlar Azərbaycanındır və bu prosesdə yenə Azərbaycan itirəcəkdi. Ermənistan isə qoşunlarını geri çəkməkdən imtina etdi. Bu səbəbdən indi ortada olan əsas mövqe ondan ibarətdir ki, erməni qoşunları geri çəkilməli, azərbaycanlıların məskunlaşdığı ərazilərdən uzaqlaşmalıdırlar. Əldə olunan məlumatlar onu deməyə əsas verir ki, təmas xəttinə yaxın ərazilərdə ermənilər məskunlaşmayıb. Ona görə də ermənilərin yaşayışına heç bir təhlükə yoxdur və müharibədə və ya atəşkəsdə ermənilərin mülki şəxslərinə zərər dəymir və bu səbəbdən onların bir çox ərazilərdə geri çəkilməsi imkanları qalır.
- Snayper atəşi nəticəsində dünyasını dəyişmə hallarını araşdırmaq üçün ATƏT-in monitorinq qrupunun xüsusi iş qaydasının yaradılması mümkün görünür. C.Sümərinlinin sözlərinə görə, belə fikirlər var ki, ümumilikdə gələcəkdə bu kimi halların araşdırlması üçün Azərbaycan və Ermənistan Müdafiə, Milli Təhlükəsizlik və Xarici İşlər Nazirliklərinin nümayəndələrindən, ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin təmsilçilərindən, eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrindən ibarət araşdırma komissiyası yaradılsın.
- ATƏT tərəfindən təmas xəttində həyata keçirilən monitorinqlərin sayının və keyfiyyətinin artırılması məsələsi. Eyni zamanda il ərzində təmas xəttində təxminən 20-25 monitorinq keçirilir. Belə fikirlər formalaşır ki, əgər həmsədrlər münaqişə bölgəsində real nəticələrə malik olmaq istəyirlərsə, cəbhə xəttinin müxtəlif hissələrində hər həftə monitorinq keçirməlidirlər. Təklif olunur ki, həm erməni qoşunlarının tutduqları mövqelərdə, həm də Azərbaycan tərəfdə ATƏT-in nəzdində olan monitorinq məntəqələri yaradılsın".
Hərbi əməliyyatların başlaması realdırmı sualına cavabında C.Sümərinli bildirib ki, bu ehtimalı gücləndirən bir sıra amillər var:
- 2011-ci il ərzində tərəflər hərbi tədbir və təlimlərin keçirilməsinə üstünlük verirlər;
- Erməni tərəfi peşəkar snayperləri təmas xəttinə toplayaraq dinc əhalini, Azərbaycan hərbçilərini intensiv atəş altında saxlamağa cəhd edir;
- Azərbaycan müdafiə xərclərini yenidən artırdı: 2011-ci il dövlət büdcəsindən müdafiə xərcləri üçün ayrılan vəsait 39,7 milyon manat (3 %) artırılaraq 1 364,8 milyon manat təşkil edir, hərbi qulluqçuların məvaciblərinin artırılması gözlənilir;
- Ermənistanda səfərbərlik ehtiyatlarının nizamlanması istiqamətində tədbirlər görülür (çağırış yaşının qaldırılması, xaricdə yaşayan fərarilərin, xidmətdən boyun qaçıranların bağışlanması, onların üçün hərbi xidmət imkanlarının yaradılması);
- və s".
Eyni zamanda Azərbaycan SQ-nin indiki şəraitdə simulyativ olaraq qələbə əldə etmək imkanları çoxdur. Bu da Azərbaycan ordusunu 1991-94-cü illlərdə olan ordudan fərqləndirir. Amma ekspertin fikirincə, müxtəlif səbəblərdən çıxış edərək onu söyləmək olar ki, yaxın 2-3 il ərzində Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində aktiv hərbi əməliyyatlar gözlənilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB