ATƏT və Azərbaycanın İctimai Televiziyası birgə layihə reallaşdıracaqlar
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel iyunun 16-da İctimai Televiziya və Radio Yayımları Şirkətində olub. SİA-nın məlumatına görə, Azərbaycanda salahiyyət müddəti başa çatan səfir, baş direktor İsmayil Ömərovla görüşüb. Görüş zamanı Azərbaycandakı fəaliyyəti dönəmindən məmnun qaldığını bildirən səfir, bu müddət ərzində həyata keçirilən layihələr haqda xülasə verib: \"Mənim Azərbaycandakı fəaliyyətimdən 2 il 3 ay keçir. Bu zaman kəsiyində ATƏT-in Bakı ofisi 120 layihə həyata keçirib. Uğurla icra edilən bu layihələrin əsas hissəsi İctimai Televiziya ilə birgə reallaşdırılıb. Bütün bunlara da əsaslanaraq, səmərəli əməkdaşlığın davam edəcəyinə ümid edirik\". Əli Bilge Cankorel yeni layihələrin planlaşdırıldığını deyərək, bu istiqamətdə bir sıra addımlar atıldığını diqqətə çatdırıb: \"Son günlərdə mən Azərbaycanın gənc yazarları ilə görüşdüm. Belə qənaətə gəldim ki, onların öz əsərlərini tanıtmağa, ictimai müzakirəyə çıxarmağa böyük ehtiyacları var. Bu problemləri əhatə edən bir tok-şounun da, məhz İctimai Televiziyada hazırlanmasını istərdik. Çünki artıq bu televiziya ilə birgə reallaşdırılmış bir sıra uğurlu layihənin şahidi olmuşuq\".
Görüşdə fikirlərini ifadə edən baş direktor İsmayıl Ömərov da Azərbaycanda KİV-lərə ayırdığı diqqərə görə ATƏT-ə xüsusi təşəkkürünü bildirib və yeni layihənin həyata keçirilməsinin faydalı olacağını qeyd edib: \"ATƏT-in Azərbaycan KİV-nə ayırdığı diqqət göz qabağındadır. Buna görə biz dərin minnətdarlığımızı bildiririk. Təbii ki, bu əməkdaşlıq səfir Əli Bilge Cankorelin fəaliyyəti müddətində daha da səmərəli olub. Xüsusilə son illərdə ATƏT və İctimai Televiziya medianın inkişafına təkan verən bir çox proqramlar hazırlayıblar. Bununla yanaşı, siyasətçilərin dəyirmi masa arxasında maraqlı dialoqlar apardığı ayrı-ayrı layihələr reallaşdırılıb. Gənclərlə bağlı düşünülən yeni layihəni reallaşdırmaqda isə fayda var. Bu, gənclərin özünü ifadə edə bilməsi üçün kifayət qədər səmərəli şərait yaradacaq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB