Qarabağ qazilərinin həyata keçirdiyi layihənin birinci hissəsi uğurla başa çatıb

Qarabağ qazilərinin həyata keçirdiyi layihənin birinci hissəsi uğurla başa çatıb

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qarabağ qaziləri" İctimai Birliyi (QQİB) tərəfindən həyata keçirilən "Qarabağ müharibəsi əlillərinə, veteranlarına, şəhid ailələrinə və onların ailə üzvlərinə kompyuter kursunun təşkili" layihəsinin birinci hissəsi artıq uğurla başa çatıb. Bu barədə SİA-ya sözü gedən layihənin rəhbəri, "Qarabağ qaziləri" İctimai Birliyinin sədr müavini Firudin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə 4 ay müddətində həyata keçiriləcək layihənin birinci hissəsi 2 ay nəzərdə tutulub. Ötən 2 ay ərzində qazilər əvvəlcədən icra planında nəzərdə tutulan bütün işləri başa çatdırıblar. Layihənin məqsəd və vəzifələrindən danışan F.Məmmədov bildirib ki, həyata keçirdikləri layihənin məqsədi Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin və onların ailə üzvlərinin həyat şəraitini yaxşılaşdırılmasına, onların sosial problemlərinin həllinə dəstək olmaqdır: "Bu məqsədlə də biz sözügedən təbəqənin nümayəndələri üçün kompyuter kursunun tədrisini həyata keçiririk. Bununla bağlı əvvəlcə kompyuter kurslarına ehtiyacı olan Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin və onların ailə üzvlərindən 15 nəfərin müəyyənləşdirdik. Onlar üçün peşəkar müəllim tərəfindən kompyuter kursunun təşkilini reallaşdırdıq. Artıq 1 aydır ki, onlar üçün tədris başlayıb. Bundan sonra daha 2 ay da kurslar davam edəcək".

F.Məmmədov onu bildirib ki, təlim kurslarını uğurla başa vuranlara sertifikatlar veriləcək və gələcəkdə onların işlə təmin olunmasında birlik yardımçı olacaq.

Layihə çərçivəsində təlimlərə cəlb olunan əlil, veteran və şəhid ailələrinin, eyni zamanda QQİB-nin digər üzvlərinin də istifadə edə biləcəyi broşürün hazırlanıb pulsuz paylanması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə