Şabranda insan alverinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Şabranda insan alverinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

İnsan alverinə qarşı QHT Koalisiyasının üzvü, XXI Əsrin Qadınları İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Maarifləndirmə metodu ilə insan alverinə qarşı mübarizənin təşkili və gücləndirilməsi" layihəsi çərçivəsində iyunun 14-də Daxili İşlər Nazirliyi (DİN) Şabran rayon polis şöbəsində Siyəzən və Xaçmaz rayon nümayəndələrinin iştirakı ilə tədbir keçirib.

Birlikdən SİA-ya verilən xəbərə görə, Şabran rayon polis şöbəsində baş tutan tədbiri şöbənin rəis müavini polis polkovnik-leytenantı Həzrətqulu Babayev giriş sözü ilə açaraq qonaqları salamlayıb. O bildirib ki, insan alveri problemi ümumbəşəri problemdir. Bu bəla Azərbaycandan da yan keçməyib. Onun sözlərinə görə, bu alver dünyada silah və narkotik alverindən sonra üçüncü sırada dayanır. Həzrətqulu Babayev belə tədbirlərin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu yöndə daim mübarizə apardıqlarını və insanları bu bəlaya düçar olmamaq üçün əllərindən gələni etdiklərini qeyd edib.

Daha sonra DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Füzuli Qurbanov İnsan alverinə qarşı görülən tədbirlərdən danışıb. DİN rəsmisi bildirib ki, 2010-cu ildə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 70 insan alveri cinayət faktı müəyyən edilib. 39 nəfər insan alveri faktına görə cinayət məsuliyyətinə cəlb edilib.

Tədbirdə çıхış edən İnsan alverinə qarşı QHT Koalisiyasının üzvü, "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova QHT-lərə Dövlət Dəstəyi Şurası və onun maliyyələşdirdiyi bu layihə haqqında iştirakçılara ətraflı məlumat verib. O, insan alveri, onun qurbanları, bu alverin doğurduğu fəsadlar, Azərbaycanda insan alverinə qarşı mübarizə istiqamətində həyata keçirilən

tədbirlər barəsində məlumat verib. Bildirib ki, bu alverin qurbanları təkcə qadınlar olmur. Qadınlarla yanaşı kişilər və uşaqlar da insan alveri qurbanına çevrilə bilər.

M.Əmirhüseynova həmçinin onu da bildirib ki, хarici ölkələrdən yüksək əmək haqqı ilə iş təklifi aldıqda bunu müхtəlif yollarla araşdırmaq lazımdır. Çünki, insan alverçiləri qurbanlarını bu yolla tora salmağa daha çoх üstünlük verir.

Daha sonra birliyin sədri insan alverinin qurbanına çevrilməyin digər metodu olan xaricdə təhsil almaq imkanı adı ilə məlumatsız şəxslərin bu bəlaya düçar olmasından da danışıb. Ona görə də belə bir təkliflər alındıqda insanların nə etmələri barədə ətraflı məlumat vermiş, onları maraqlandıran suallara aydınlıq gətirib.

Tədbirin sonunda iştirakçılara insan alverinə qarşı maarifləndirici məlumatları özündə əks etdirən bukletlər paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə