Bakıda Ombudsmanların IX Beynəlxalq Bakı Konfransı keçirilir-FOTOSSESİYA

Bakıda Ombudsmanların IX Beynəlxalq Bakı Konfransı keçirilir-FOTOSSESİYA

Bu gün Bakıda Ombudsmanların IX Beynəlxalq Bakı Konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfransdan öncə iştirakçılar və qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda edən şəhidlərin məzarını ziyarət ediblər.


18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunan tədbir "Milli azlıqlar və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya" mövzusunda təşkil olunub. YUNESKO-nun dəstəyi ilə keçirilən beynəlxalq konfransda İsveç, Norveç, Hindistan, Tailand, Pakistan, Polşa, Sloveniya, Rusiya Federasiyası və 12 subyektinin, Ukrayna və Moldovanın ombudsmanları və ya bu ölkələrin milli insan hüquqları təsisatlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində tanınmış alimlər və beynəlxalq ekspertlər iştirak edirlər. Beynəlxalq konfransa həmçinin, Azərbaycan Respublikası Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, dövlət qurumlarının, beynəlxalq təşkilatların, QHT-lərin, vətəndaş cəmiyyətinin, icmaların və KİV-in təmsilçiləri qatılıblar.


Konfransı giriş sözü ilə açan İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova bildirib ki, konfransın mövzusunun insanların mədəni, milli hüquqlarının müzakirəsi mövzusu təsadüfən seçilməyib. O vurğulayıb ki, bu gün Azərbaycanda 90-a qədər milli azlıqların nümayəndəsi yaşayır və bu da dini müxtəlifliyə zəmin yaradır. Ölkədə miqrantların sayının da ildən-ilə artdığını deyən E.Süleymanova əlavə edib ki, bu baxımdan milli azlıqlar və miqrantların hüquqlarının qorunması çox önəmli bir məsələdir.


"Yüz illiklərdir Azərbaycanda azsaylı xalqlar bütün proseslərdə bərabər hüquqlarla iştirak edirlər. Onlar üçün heç bir ayrı-seçkiliyə yol vermədən bərabər imkanlar yaradılıb. Azərbaycanda ombudsman təsisatının fəaliyyət göstərdiyi 9 il ərzində quruma bir dəfə də olsun milli zəmində şikayət daxil olmayıb. Bu gün Azərbaycanda olan miqrantların sayı 450 min nəfər təşkil edir. Onların əksəriyyəti əmək miqrantlarıdır. Azərbaycan 20 ilə yaxın müddətdə erməni təcavüzü ilə üzləşib. Ölkədə erməni təcavüzündən ziyan çəkən 1 milyondan çox qaçqının 600 mindən çoxunu məcburi köçkünlər təşkil edir", - deyə o əlavə edib.


Tədbirin davamında çıxış edən baş nazirini müavini, Qaçqın və Məcburi Köçkünlərin İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə Azərbaycanın tolerant ölkə olduğunu deyib. O bildirib ki, Azərbaycanda milli azlıqların, etnik qrupların hüquqlarının qorunması üçün tam hüquqi baza yaradılıb. Hər bir milli azlığın dünya mədəniyyətinə öz töhfəsini verdiyini deyən komitə sədri bu gün ölkədə 380-dən artıq dini icmanın qeydiyyatdan keçdiyini, onların isə 31-nin qeyri-islam dini icma olduğunu söyləyib.


Baş nazirin müavini Azərbaycanda miqrasiya sahəsində böyük işlər görüldüyünü, hazırda Miqrasiya Məcəlləsinin hazırlandığını qeyd edib. O, həmçinin Azərbaycanın öz daxili miqrantları - qaçqınlarla yanaşı, ölkədə digər dövlətlərdən olan miqrantların olduğunu söyləyib. Baş nazirin müavini 10 il əvvəl Azərbaycanda digər ölkələrdən olan 12 min qaçqının olduğunu, hazırda isə onların sayının 2500-ə endiyini bildirib.

"Bizdə bütün dinlərin ibadət yeri var. Dini icmalar sərbəst fəaliyyət göstərir. Milli azlıqlar tarixi, milli mədəniyyət nümunələrini qoruyub saxlayırlar. Bunu Azərbaycandakı xarici ölkə səfirləri də görürlər. Azərbaycanda milli azlıqların mədəniyyət mərkəzləri də fəaliyyət göstərir. Hətta Bakıda erməni kilsəsi də qorunub saxlanılır. Ermənilər özləri də bunu gördülər. Onlar kilsənin kitabxana kimi qorunub, saxlanmasını müşahidə etdilər. Ermənilərdən biri dedi ki, burada elə kitablar var, onlar heç Ermənistanda da yoxdur. Ermənistan isə bizim bütün mədəniyyət abidələrimizi, dini ibadətgahlarımızı dağıdıb. Bu gün Ermənistanda xalq səfalət və aclıq içərisindədir. Biz gözləyirik ki, Ermənistan rəhbərliyi nə vaxt düz yola gələcək. Bu konflikt olmasaydı, neft-qaz kəmərləri, dəmir yolları Ermənistan ərazisindən keçəcəkdi. Amma Ermənistanın ucbatından onlar bu layihələrdən məhrum olublar", - deyə o əlavə edib.


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə çıxışında vurğulayıb ki, qonaqpərvərlik, ürəkaçıqlıq, hər bir millətə hörmətlə yanaşma Azərbaycan xalqının genofondudadır. Onun sözlərinə görə, tolerant ölkə olan Azərbaycanda bütün millətlərə, xalqlara olan hörməti, ehtiramı görmək olar: "Azərbaycan gerçəkliyini, tolerantlığını hər bir azərbaycanlı ilə təmasda hiss etmək mümkündür. Hansı millətə mənsub olmasından asılı olmayaraq Azərbaycanda yaşayan insan ilk növbədə Azərbaycan vətəndaşıdır".


Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bütün dövrlərdə Azərbaycanın tolerant bir mərkəz kimi tanındığını söyləyib. Onun sözlərinə görə, dinindən və dilindən asılı olamayaraq Azərbaycanda yaşayan hər bir milli azlıqlar özlərini evlərindəki kimi hiss edirlər. H.Hüseynova qeyd edib ki, onlara göstərilən diqqət və qayğı nəticəsində hər bir xalqın fərqliliyi, öz dini və dili Azərbaycanda qorunub saxlanılır.


Tədbirin davamında çıxış edən qonaqlar Bakıda yüksək səviyyəli konfransın keçirilməsini yüksək qiymətləndiriblər.


Qeyd edək ki, paytaxtda öz işinə başlayan Ombudsmanların IX Beynəlxalq Bakı Konfransı iyunun 18-dək davam edəcək. Konfransın sonunda Bakı Bəyannaməsinin qəbulu nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə