Milli Qurtuluş günü Kiyevdə təntənə ilə qeyd edilib - FOTO

Milli Qurtuluş günü Kiyevdə təntənə ilə qeyd edilib - FOTO

Bu gün səhər Kiyev şəhərində Azərbaycanın Milli Qurtuluş günü qeyd olunub. SİA-n Şərqi Avropa ölkələri və Ukrayna bürosundan aldığımız məlumata görə, tədbir Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsi önündə keçirilib.

Səfirliyin təşkil etdiyi tədbirdə Ukrayna Azərbaycanlıları Konqresinin, Azərbaycan–Ukrayna Gəncləri İttifaqının, Demokratiyanın Nəbzi beynəlxalq təşkilatının, "Sokar" şirkətinin Ukrayna təşkilatının və yerli mətbu orqanların nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri, professor Eynulla Mədətli bayram münasibətilə azərbaycanlıları təbrik edib və Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb: "Heydər Əliyev Azərbayca yenicə qazandığı müstəqilliyi itirən zaman xalqını bu böyük bəladan xilas etdi. Çox ağır geosiyasi vəziyyətdə öz müdrikliyi naminə tarazlı siyasət yeridərək Azərbaycanın xoşbəxt gələcəyinin təməlini qoydu ki, bu gün prezident İlham Əliyev də həmin kursu layiqincə davam etdirir".

Daha sonra tədbirdə UAK-n məclis sədri Akif Gülməmmədov çıxış edərək 1993-cü illərdə xalqın məyusluq içində olduğunu və həmin vaxt yalnız ümidlərin ulu öndər Heydər Əliyevə tikildiklərini söyləyib.

Tədbirdə UAK-ın Kiyev təşkilatı sədrinin köməkçisi Firudin Həşimov və digər natiqlər də çıxış edərək bu günün həmişə azərbaycanlıların qəlbində fəxarət hissi ilə qeyd olunacağını bildiriblər.

Əlmaniz Ələkbərli, Şərqi Avropa ölkələri və Ukrayna bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə