Milli Qurtuluş Günü MTN-in Heydər Əliyev adına Akademiyasında təntənə ilə qeyd olunub

Milli Qurtuluş Günü MTN-in Heydər Əliyev adına Akademiyasında təntənə ilə qeyd olunub

Milli Təhlukəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Akademiya rəisinin müavini general-mayor İsgəndər Allahverdiyev bu günün ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını qeyd etmiş, 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin bir şəraitdə yenicə əldə olunmuş dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycanın kökü qədimlərə gedən dövlətçilik ənənələrinin yenidən bərpa olunmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbərin xalqının israrlı və təkidli tələbləri ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində həqiqətən də dönüş nöqtəsi, qurtuluş anı oldu.

Məhz həmin gündən Azərbaycanın başı üzərini almış qara buludlar dağılmağa, respublikamız işıqlı sabaha doğru inamla addımlamağa başladı. Ulu öndər Heydər Əliyevin misilsiz, titanik, ölçüyəgəlməz fəaliyyəti nəticəsində ölkəmiz hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoydu. Dahi şəxsiyyət Azərbaycanı dünyaya tanıtdı, onu beynəlxalq aləmdə nüfuz sahibi etdi. Qədirbilən Azərbaycan xalqı öz böyük oğlunu sevir və onun xatirəsini daim əziz tutur. Nə qədər ki, müstəqil Azərbaycan var, Heydər Əliyev də var olacaqdır. Azərbaycanın müstəqilliyi isə ümummilli liderin sözləri ilə desək əbədidir, daimidir və dönməzdir.

Bu gün milli qurtuluşunu əldə etmiş müstəqil Azərbaycan Respublikası artıq 18 ildir ki, inamla inkişaf edir, yeni-yeni nailiyyətlərə imza atır, durmadan uğurlara doğru irəliləyir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq, tərəqqi və inkişaf yoludur.

Ümummilli lider Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik, inamlı, uzaqgörən, son dərəcə cəsarətli, eyni zamanda tarazlı, xalqının milli maraqlarına xidmət edən daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, etibarlı tərəfdaş və sabit ölkə kimi respublikamızın nüfuzu durmadan artır. Ermənistan artıq dünya dövlətləri, eləcə də Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatı kimi mötəbər beynəlxalq qurumlar tərəfindən işğalçı ölkə kimi tanınır. Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Bütün bunlar, Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla həyata keçirilən bu siyasət Heydər Əliyev yolunun bariz təntənəsidir.

Ümummilli lider Heydər Əliyev milli təhlükəsizlik orqanlarının peşəkar kadrlarla təmin olunması məqsədilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasını yaratdı. Bu gün onun adını şərəflə daşıyan bu ali təhsil ocağı ən müasir təhsil və tədris sisteminə, eləcə də güclü maddi-texniki bazaya malikdir. Akademiyada təlim-tərbiyə işləri də ən yüksək səviyyədə qurulub.

Natiq çıxışında dövlətin təhlükəsizliyi keşiyində dayanmağı özünə şərəfli borc bilən gəncləri, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təhsil alan kursantları və dinləyiciləri Heydər Əliyev ənənələrinə daim sadiq olmağa, ulu öndərin siyasi irsini dərindən öyrənməyə və doğma xalqını onun kimi sevməyə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısını, gənc nəslə bəslədiyi yüksək etimadı və inamı doğrultmaq üçün var qüvvə ilə çalışmağa, seçdikləri peşənin sirlərinə mükəmməl yiyələnməyə çağırıb.

Mərasimdə digər çıxış edənlər Azərbaycanın bu gününün və gələcəyinin təməli olan 15 iyun – Milli Qurtuluş Gününün tarixi məqamlarına nəzər salmış, Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Tədbirin sonunda yığıncaq iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə tamaşa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə