Bakıda QİƏT-ə üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının V Baş Assambleyası keçirilib - TƏDBİR
Bu gün Bakıda AzərTAc-ın ev sahibliyi ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) V Baş Assambleyası keçirilib. SİA-nın xəbərinə görə, "İnnovasiyalı inkişaf: şəffaflıq və modernləşmə" mövzusunda keçirilən assambleyada BSANNA-nın prezidenti Qoça Mirtsxulava, Prezident Administrsiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, AzərTAc-ın baş direktoru Aslan Aslanov, Rusiya, Türkiyə, Ukrayna, Moldova, Serbiya və digər ölkələrin ən nüfuzlu informasiya agentliklərinin rəhbərləri və yüksək vəzifəli təmsilçiləri iştirak edib. Assambleyada üzv ölkələrin milli informasiya agentliklərinin daha səmərəli əməkdaşlıq əlaqələrinin qurulması, xəbər istehsalında yeni texnologiyalardan istifadə edilməsi ilə bağlı məsələlər müzakirə olunub. Tədbir çərçivəsində BSANNA-nın Baş Assambleyasında sədrlik AzərTAc-a keçib.
Tədbiri giriş sözü ilə açan AzərTAc-ın baş direktoru Aslan Aslanov BSANNA-nın növbəti - V Baş Assambleyasının Bakıda keçirilməsinin AzərTAc-ın bu təşkilatdakı fəaliyyətinə verilən yüksək qiymət və agentliyə göstərilən etimad kimi dəyərləndirib. Baş direktor bildirib ki, BSANNA 2006-cı ildə Kiyevdə keçirilən təsis konfransında yaranıb və AzərTAc BSANNA-nın təsisçilərindən biridir: "Bugünkü toplantı üçün "İnnovasiyalı inkişaf: şəffaflıq və modernləşmə" mövzusunun seçilməsi heç də təsadüfü deyil. Çünki yeni minillik özü ilə birlikdə yeni reallıqlar, yeni çağırışlar gətirib. Son illər informasiya texnologiyalarının sürətli inkişafı informasiya agentliklərinə xəbərlərini çatdırmaq üçün geniş və yeni yollar təklif edir. İnternet, mobil telefonlar, mobil video, ismarış və sosial şəbəkələrin digər formaları kommunikasiya əlaqələrinin sonsuz imkanlarını təqdim edir. Bu, saysız-hesabsız seçim imkanları daim dəyişən dünyamızın reallıqlarıdır. Toplantı üçün belə bir mövzunun seçilməsində də məqsəd bu sahədə əldə etdiyimiz təcrübəni bölüşmək və mövcud problemləri aradan qaldırmaq üçün yeni yolar tapmaqdır. İnanıram ki, Azərbaycan paytaxtında keçirdiyiniz bir neçə gün sizin üçün səmərəli işdən savayı, həm də yeni görüşlər, yeni planlar, maraqlı gəzintilərlə də yaddaşınızda qalacaq".
Tədbirin davamında çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, BSANNA bu təşkilata üzv olan ölkələrin siyasi, iqtisadi, mədəni, ictimai həyatında baş verən hadisələrin işıqlandırılmasında böyük rol oynayır. Onun sözlərinə görə, bu təşkilat Qara dəniz ölkələrinin informasiya resurslarından səmərəli istifadə edilməsi üçün həmin dövlətlərin milli informasiya agentliklərinin səylərini birləşdirən bir qurumdur: "Bu ölkələrdə baş verən ictimai-siyasi hadisələrin işıqlandırılmasında xüsusi xəbər siyasəti yürüdür. Eyni zamanda, ölkələr arasında milli mədəni əlaəqlərin inkişaf etdirilməsində təbliğatında bu assambleya mühüm rol oynayır. Bu təşkkilatın sədrliyinin Azərbaycana keçməsi növbəti bir il ərzində ölkədə baş verən hadisələrin beynəlxalq aləmə çatdırılmasında mühüm rol oynayacaq. Bu il bizi mühüm tədbir gözləyir. Azərbaycan Evrovision müsabiqəsinə ev sahibliyi edəcək. Bundan başqa, cari ilin noyabr ayında Azərbaycanda beynəlxalq humanitar forum keçiriləcək. Bu və ya digər tədbirlərin işıqlandırılmasında AzərTAc mühüm rol oynayacaq. AzərTAc-ın bu il təşkilata sədrlik etməsi onun fəaliyyətində daha da mühüm əhəmiyyət kəsb edir".
Gürcüstanın GeoHotNews Agentliyinin baş direktoru, BSANNA-nın prezidenti Qoça Mirtsxulava çıxışında təşkilatın işinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürür. Bu sırada BSANNA-nın veb-resursunun texniki imkanlarının artırılması, təşkilat üzvlərinin bu sayta administrativ çıxışının təminatı və digər təkliflər var.
Tədbirin davamında BSANNA-nın prezidenti Qoça Mirtsxulava Assosiasiyada prezidenliyi AzərTAc-ın baş direktoru Aslan Aslanova təhvil verərək ona rəhbərliyi dövründə uğurlar arzulayıb. Bakı Assambleyasında BSANNA-nın tarixində ilk dəfə olaraq qurumun rəhbər orqanı – Bürosu yaradılıb. Büroya BSANNA-nın prezidenti rəhbərlik edəcək. Bolqarıstan Teleqraf Agentliyinin baş direktoru Maksim Minçev, Gürcüstanın GeoHotNews agentliyinin baş direktoru Qoça Mirtsxulava və İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman büro üzvü seçiliblər.
Sonda BSANNA-nın VI Baş Assambleyasının gələn ilin iyunun əvvəlində Rusiyanın Soçi şəhərində keçirilməsi qərara gəlinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB