Vaqif Əsədov: \"Ötən illə müqayisədə bu il piyadaların vurulması halları artıb\" - MÖVQE

Vaqif Əsədov: \"Ötən illə müqayisədə bu il piyadaların vurulması halları artıb\" - MÖVQE

İyunun 11-dən 13-nə qədər Nərimanov, Nəsimi, Yasamal, Səbail rayonlarında 96 piyada saxlanılaraq məsuliyyətə cəlb olunub. Yanvar ayının birindən bu günə qədər keçirilən reydlər zamanı 650-dən artıq piyada saxlanılaraq məsuliyyətə cəlb edilib. SİA-nın xəbərinə görə, bunu Bakı şəhər Baş Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, piyadalar Yol hərəkəti haqqında qanunun 40-cı maddəsinin tələbi pozduğuna görə, inzibati xətalar məcəlləsinin 153 maddəsinin tələbinə uyğun olaraq 10 manat məbləğində cərimə edilib.

Bölmə rəisi vurğulayıb ki, Bakı şəhərində təyin olunmayan yerlərdən piyadaların keçməsi zamanı baş verən yol qəzaları ümumi hadisələrin 49,8 faizini təşkil edir: "Bakıda 630 yol ayrıcı, 270-ə yaxın işıqforla tənzimlənən yol ayrıcı, 50-yə yaxın yeraltı piyada keçidi, 67 tunel, körpü var. Ümumi küçə və yolların uzunluğu isə 2500 kilometrdir. Ötən illə müqayisədə bu il piyadaların vurulması halları 6 hadisə, ölüm halları 2 hadisə, xəsarət halları 8 hadisə artıb

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən verilən xüsusi göstərişə əsasən, iyunun 11-dən etibarən təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması hallarının qarşısının alınması məqsədi ilə xüsusi reydlərə başlanıb. Tədbirlər planında paytaxt ərazisində yerləşən yeraltı və yerüstü piyada keçidlərinin post patrul xidməti müfəttişləri, sahə inspektorları tərəfindən nəzarətə götürülməsi, küçə və yollarda təhlükəsiz davranış vərdişlərini aşılamaq məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi tapşırıqları verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə