Naxçıvan Muxtar Respublikası Ali Məclisində istehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər barədə müşavirə keçirilib. SİA-nın məlumatına görə, müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, ulu öndərimiz Heydər Əliyevin siyasətinin ölkəmizdə uğurla davam etdirilməsinin nəticəsidir ki, tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Tikinti-quruculuq işlərinin aparılması ölkəmiz üçün nə qədər vacibdirsə, ən qiymətli sərvətimiz olan insanların sağlamlığının qorunması ondan da əhəmiyyətlidir. Bu sahəyə nəzarətsizlik və məsuliyyətsizlik nəticəsində istehsalat müəssisələrində, tikintidə bədbəxt hadisələr baş verir, insanlar həlak olur, yaxud sağlamlıqlarını itirirlər. O, Muxtar respublikada 269 sağlamlıq imkanı məhdud şəxsə pensiya və müavinət ödənişi həyata keçirildiyini deyib. Ali Məclisin Sədri 2010-cu ildə 91, 2011-ci ilin beş ayında 37 nəfər olmaqla, ümumilikdə 128 nəfərin istehsalat xəsarəti almasının narahatlıq doğurduğunu, ötən illər ərzində ölüm halları ilə nəticələnən bədbəxt hadisələrin də baş verdiyini bildirib. Qeyd olunub ki, bu bədbəxt hadisələr işə məsuliyyətlə yanaşılmaması nəticəsində baş verib. Araşdırmalar göstərir ki, istehsalat və tikinti sahələrində işçilərin fərdi və xüsusi mühafizə vasitələri ilə təmin edilməsi, texniki təhlükəsizlik qaydalarına riayət olunması, bədbəxt hadisələrin qarşısının alınması məqsədilə müəyyən işlər görülsə də, bu sahədə mövcud nöqsanlar tam aradan qaldırılmayıb.
Ali Məclisin Sədri muxtar respublikamızda tikinti sahəsinin genişləndiyini, ildən-ilə investisiya qoyuluşunun atrdığını bildirərək deyib: "Bu il investisiya qoyuluşları ötən ildən daha çox olacaqdır. Ancaq investisiya qoyuluşu, görülən işlərin həcmi artsa da, bədbəxt hadisələr, qəzalar artmamalıdır". O, bu kimi halların qarşını almaq məqsədi ilə müvafiq qurumlara tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB