“Kitabi-Dədə Qorqud” Almaniyada

“Kitabi-Dədə Qorqud” Almaniyada

Bakı Slavyan Universiteti (BSU) Almaniyanın Mayns şəhərində \"Kitabi-Dədə Qorqud və \"Nibelunqlar haqqında nəğmə\": - Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb\" adlı layihəsi çərçivəsində ikinci simpoziumunu həyata keçirir. BSU-nun mətbuat xidmətinin rəhbəri Adil Əliyevin SİA-ya verdiyi xəbərə görə, simpozium Mayns Universitetinin Şərqşünaslıq İnstitutu və Germanistika bölümü, həmçinin Volkenştayn Cəmiyyəti ilə birgə təşkil olunub.

İyunun 8-də Almaniyanın Mayns şəhərində öz işinə başlayan simpoziumun ayın 13-ə qədər davam etməsi nəzərdə tutulub. BSU-nun rektoru, professor Kamal Abdullayevin rəhbərliyi ilə Azərbaycan alimlərinin böyük bir qrupu mayın 8-də Almaniyanın Mayns şəhərində keçirilən simpoziuma qatılıb. Azərbaycandan olan nümayəndə heyətinin tərkibinə Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tanınmış alim və professorları da daxildir. Simpoziumun işində Almaniyanın Bonn, Saarbrüken, Bremen, Berlin, Zalçburq şəhərlərinin elm və təhsil ocaqlarından bir çox nüfuzlu alim-filoloqlar iştirak edir.

Azərbaycanın mədəni irsinin Avropada təbliği və elminin dünya elminə inteqrasiyası, eləcə də, Almaniya mədəniyyətinin ölkəmizdə daha yaxından öyrənilməsi baxımından simpoziumun əhəmiyyətli bir tədbir olacağı gözlənilir. Bu simpoziumun digər önəmli bir xüsusiyyəti də ondan ibarətdir ki, alman elmi \"Kitabi-Dədə Qorqud\" eposuna, Azərbaycan elmi isə \"Nibelunqlar nəğməsi\"nə bir addım da yaxınlaşmış olur. Ümumilikdə, "Kitabi-Dədə Qorqud" və \"Nibelunqlar haqqında nəğmə: Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb\" layihəsi son dövrlərdə xüsusi aktuallıq kəsb edən Şərq-Qərb sivilizasiyalararası dialoq üçün yeni zəmin yaradılması yolunda olduqca mühüm addımlardan biri sayıla bilər.

Qeyd edək ki, Bakı Slavyan Universiteti gələcəkdə "Kitabi-Dədə Qorqud" dastanının dünya xalqlarının digər məşhur eposları ilə müqayisəli tədqiqi istiqamətində də müvafiq addımlar ataraq Rusiya va Fransanın əlaqədar universitetləri ilə birgə layihələr həyata keçirmək niyyətindədir. Simpozium keçirildiyi müddətdə bir sıra mədəni tədbirlərin təşkili də nəzərdə tutulub. Bunların arasında Nibelunqlar muzeyinə və Nibelunqların vətəni sayılan Vorms şəhərinə ekskursiya, Reyn çayı ilə tarixi-mədəni yerlərə səyahət də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə