Liviyada müharibənin uzadılması qlobal dəyişikliklərin növbəti təkanına keçiddən xəbər verir – ARAŞDIRMA
Hazırda Yaxın Şərq ölkələrində, xüsusən də, Liviyada baş verən proseslər imperialist güclərin konkret maraqlarının nəticəsi kimi ortaya çıxıb. Məlum olduğu kimi, bu ilin əvvəllərində Liviyada ictimai-siyasi sabitliyin pozulmasından, diktator Muəmmər Qəddafiyə qarşı etiraz çıxışlarının başlanandan bir müddət sonra, yəni martın 19-da koalisiya qoşunları əhalinin kütləvi qırğını təhlükəsini əsas gətirərək həmin ölkənin ərazisinə havadan zərbələr endirməyə başladı. Yeri gəlmişkən, əvvəlcədən əməliyyatların iyun ayının 27-dək davam etdiriləcəyi planlaşdırılırdı. Lakin bu yaxınlarda NATO-nun baş katibi Anders Foq Rasmussen deyib ki, əməliyyatların müddəti daha 90 gün uzadılıb. Bəzi müşahidəçilərin qənaətinə görə, Qəddafinin hakimiyyətdən uzaqlaşdırılması məqsədini daşıyan əməliyyatların müəyyən qüvvələrin təsirilə bu vaxta qədər uzanması hadisələrin arxasında dayanan əsl səbəbin düşünüldüyü qədər sadə olmadığını göstərir.
İlk növbədə, hadisələrə region kontekstində nəzər salsaq görərik ki, çevrilişlərin özü ilə demokratiya ab-havası gətirəcəyi barədə region xalqlarının ümidləri heç də özünü doğrultmur. Sudanın faktiki olaraq iki hissəyə bölünməsinin ardınca regionda baş qaldıran ərəb inqilabları nəticəsində hakimiyyətin əvəzləndiyi Misirdə və Tunisdə hazırda hökumət dağılan iqtisadiyyatı bərpa etməklə məşğuldur. Eyni zamanda, inqilabdan sonra vəziyyətin daha da kəskinləşdiyi Misirdə xristianlarla müsəlmanlar arasında yaşanan qarşıdurmalar cəmiyyətdaxili parçalanma həddinə çatıb. Ümumiyyətlə, bu ölkələrdəki hakimiyyət çevrilişləri sadəcə olaraq rəhbər siyasi fiqurların dəyişməsi ilə nəticələnib, əhalini uzun illər boyu narahat edən sosial, iqtisadi problemlər isə nəinki həllini tapmayıb, əksinə, daha da kəskinləşib. Təsadüfi deyil ki, hakimiyyətin dəyişməsinə baxmayaraq Misirdə hələ də mütərəqqi sosial-iqtisadi islahatların keçirilməsi tələbilə kütləvi etirazlar davam edir.
Digər region ölkələri ilə müqayisədə Liviyada əhalinin sosial rifahı xeyli yüksəkdir. Bu ölkədəki qarşıdurmanın əsasında isə tarixən meydana çıxan tayfalararası düşmənçilik dayanır. Bu səbəbdəndir ki, Liviyada üsyan ölkənin bütün ərazisini deyil, əsasən, rəqib tayfaların üstünlük təşkil etdiyi şərq regionlarını əhatə edir. Nəticədə, Qəddafini dəstəkləyən qüvvələrlə üsyançılar arasında yaranan qarşıdurma vətəndaş müharibəsinə gətirib çıxarıb. Məlum olduğu kimi, zəif silahlanmış, döyüş təcrübəsi olmayan üsyançılar hərbi sahədə ən yüksək göstəricilərə nail olan ölkələrin təmsil olunduğu ən güclü hərbi blokdan dəstək alır. Lakin NATO hava qüvvələri ilə müntəzəm surətdə əlaqə saxlayan Liviya üsyançılarının həlledici məqamlarda yardımdan məhrum olması və ya köməyin gecikməsi onları çətin vəziyyətdə qoyur. Dünya mətbuatında yayılan məlumatlardan da aydın olur ki, bəzi bölgələrdəki üsyançı dəstələri Qəddafi qoşunlarına qarşı həlledici hücuma keçmək istəmələrinə baxmayaraq, NATO rəhbərliyi onlara müəyyənləşdirilən "qırmızı xətti" keçməyə icazə vermir. Digər tərəfdən, Qəddafinin devrilməsinin vacibliyini ən çox dəstəkləyən ABŞ-ın Liviyadakı əməliyyatlarda iştirakını xeyli məhdudlaşdırması da üsyançıların narazılığına səbəb olan məqamlardandır. Ümumilikdə, bu və digər səbəblər üzündən Qəddafinin devrilməsi hələ də mümkün olmayıb.
Liviyadakı müharibənin uzanması isə bu ölkəyə misli görünməmiş zərər vurmaqdadır. Aparılan hesablamalar nəticəsində məlum olub ki, Liviyada vətəndaş müharibəsi başladığı vaxtdan etibarən təxminən 750 min insan ölkəni quru və dəniz marşrutları ilə tərk edib. Qaçqınları daşıyan gəmilərin tez-tez qəzaya uğraması və ya müəmmalı şəkildə yoxa çıxması isə liviyalılar üçün ölkəni tərk etməyin də bölgədə qalmaq qədər təhlükəli olduğunu göstərir. Bundan başqa münaqişə nəticəsində ölənlərin sayının 10 minlə 30 min nəfər arasında olduğu göstərilir. Bunlardan minə yaxını NATO qüvvələrinin hava hücumları nəticəsində həlak olan dinc sakinlərdir. Vətəndaş müharibəsi eyni zamanda Liviya iqtisadiyyatına, təsərrüfata və sənaye sahələrinə milyardlarla dollar dəyərində ziyan vurur. Ölkəyə dəyən ziyanın aradan qaldırılması isə ən az on illərlə vaxt tələb edir.
Demokratiyanın bərqərar olmasına gəlincə, Qəddafi üzərində qələbə çalınacağı təqdirdə Liviyada ən yaxşı halda əsas müxalif qüvvə kimi qəbul olunan Keçid Milli Şuranın hərbi idarəçiliyi yaradıla bilər. Bu isə avtoritar rejimdən hərbi diktatorluğa keçidlə nəticələnə bilər. Bütün bunlar onu deməyə əsas verir ki, imperialist gücləri yeni dünya düzəni formalaşdırmaq uğrunda fəaliyyət meydanına çevrilən Liviyada demokratiyanın vəziyyətindən çox siyasi, iqtisadi maraqlarının gerçəkləşməsi narahat edir.
Bir sözlə, Liviyada müharibənin suni şəkildə uzadılması qlobal dəyişikliklərin növbəti təkanına keçidlə bağlı hazırlıqdan xəbər verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB