\"Dövlət qulluğuna keçriilən müsabiqə və müsahibələrdə 65 yaşı tamam olan vətəndaşların sənədləri qəbul olunmayacaq\"-AÇIQLAMA

\"Dövlət qulluğuna keçriilən müsabiqə və müsahibələrdə 65 yaşı tamam olan vətəndaşların sənədləri qəbul olunmayacaq\"-AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyev "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65 müəyyən olunub.


Bu maddənin tələbinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) tərəfindən keçirilən müsabiqə və müsahibələrdə 65 yaşı tamam olan vətəndaşların sənədləri qəbul olunmayacaq. Bu barədə SİA-ya açıqlamasında DQMK-nın hüquq sektorunun müdiri Vüqar Əsgərov məlumat verib. O bildirib ki, həmin şəxslərin dövlət qulluğuna qəbulla bağlı müraciət hüququ olmayacaq və onlar keçirilən müsahibələrdə və müsabiqələrdə iştirak etməyəcəklər.


"65 yaşı tamam olan dövlət qulluqçularının sonrakı taleyi qanunun 31.1.12 maddələrində öz əksini tapıb. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda uzadılma müddəti 5 ildən çox olmamalıdır. Dövlət qulluqçusu hər hansı dövlət mükafatı ilə təltif edilibsə, attestasiyadan uğurla keçibsə, elmi dərəcəsi və ya elmi adı varsa, onun barəsində ittiham-tənbeh tədbirləri təqdim edilməyibsə, fəaliyyət müddətinin artırılmasında həmin şəxslərin üstünlükləri var. Amma ümumilikdə qanuna edilən dəyişiklərə əsasən 65 yaşdan yuxarı dövlət qulluqçularının fəaliyyətinə xitam verilməsi əsasdır", - deyə o əlavə edib.


Dövlət qurumlaırnda fəaliyyət göstərən 65 yaşdan yuxarı dövlət qulluqçularının dəqiq sayına gəlincə DQMK-nın sektor müdiri bu barədə məlumat verməyin tez olduğunu söyləyib: "Hələlik bu rəqəmlər dəqiqləşdirilir və yaxın müddətdə bunlar məlum olacaq. Qanun bu gün qüvvəyə minib və rəqəmlər də sonradan dəqiqləşəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə