Sabir Rüstəmxanlı: "Dialoqlarda ölkənin ən mühüm problemlərinin müzakirəsi aparılmalıdır" - MÜSAHİBƏ

Sabir Rüstəmxanlı: "Dialoqlarda ölkənin ən mühüm problemlərinin müzakirəsi aparılmalıdır" - MÜSAHİBƏ

Müsahibimiz Vətəndaş Həmrəylik Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlıdır


- Sabir bəy, iqtidar-müxalifət dialoqunun keçirilməsi təklifləri irəli sürülür. Sizcə, müxalifətin bu təklifi dəstəkləməsinə siyasi iradəsi çatarmı?

- Bir neçə il bundan öncə, Azərbaycanda iqtidar-müxalifət partiyalarının dialoqu keçirilirdi. Hakim partiya olan Yeni Azərbaycan Partiyası ilə müxalifəti təmsil edən partiyalar arasında olan bu dialoqlar təəssüflər olsun ki, sonradan yarımçıq qaldı. Partiyalar arasında dialoqların, diskussiyaların keçirilməsi zərurətdir. Təkcə iqtidar partiyası ilə müxalifət partiyaları arasında yox, ümümiyyətlə, hakimiyyətdə təmsil olunmayan qüvvələrin arasında daimi fikir mübadiləsi, görüşlər, dialoqlar, ölkədə ki, vəziyyətin müzakirəsi, müharibə bölgələrindəki vəziyyətin müzakirəsi və hətta, Dağlıq Qarabağ məsələsi ilə bağlı son durum və ordumuzun vəziyyəti yəni, bütün bu sadaladıqlarımın hamısı daimi olaraq hakimiyyətlə, müxalifət partiyaları arasında bir mövzuya çevrilməlidir. Bu tip müzakirələr arada olan gərginliyin götürülməsinə, ölkədə milli birliyin, milli barışın və vətəndaş həmrəyliyinin bərqərar olunmasına çox kömək edər. Düşünürəm ki, o görüşlərdə səslənən fikirlər həm müxalifət düşərgəsində olan fikirlərin, mövcud təkliflərin hakimiyyətə çatdırılması üçün birbaşa körpü yaradır və onun bəzən müəyyən bir qisimi nəzərə alına bilər. Çünki müxalifət düşərgəsində kifayət qədər ölkənin inkişafına xidmət göstərə biləcək fikirlər və layihələr də var. Bunlar ancaq mətbuatda deyiləndə və yaxud da ki, ürəkdə qalanda daimi gərginlik yaradır. Bəzəndə uzaqdan-uzağa yalnız mətbuat vasitəsilə danışmaq, hətta xoş münasibətlərə də bir sərinlik gətirir. Ona görə də, hesab edirəm ki, dialoqlarda ölkənin ən mühüm problemlərinin müzakirəsi aparılmalıdır. Azərbaycanda müxalifət də var. Cəmiyyətin hamısı bu ölkənin vətəndaşlarından ibarətdir. Həmin vətəndaşların ən müxtəlif fikirlərinə də gərək hörmətlə yanaşasan.


- Dialoqların keçirilməsində hansısa beynəlxalq qurumların, yerli təşkilatların vasitəçilik etməsinə ehtiyac varmı?

- Təbbi ki, dialoqların keçirilməsi lazımdır. Bunu vasitəçisiz də keçirmək olar. ATƏT-in Bakı nümayəndəliyinin ofisində seckilər və digər məsələlərlə bağlı diskussiyalar aparılıb. Düşünürəm ki, bu dialoqların keçirilməsində başqa qurumların vasitəciliyinə ehtiyac yoxdur. Azərbaycanın siyasi dairələri və siyasi partiyaları bir araya gələrək istənilən məsələləri birgə müzakirə etməlidirlər.


- Müxtəlif farmatda dialoqlar keçirilsə də, AXCP, Müsavat kimi partiyalar həmişə bu müzakirələrdən yayınıblar. Bu dəfə də, belə bir halın baş verməsi istisina olunmur ki?

- İştirak etdiyim və şahidi olduğum dialoqlarda əksər siyasi partiyalar iştirak edib. Ola bilsin ki, AXCP və Müsavatın dialoqlarda iştirak etməmələrinin səbəbi müəyyən şərtlər və razılaşmaları əldə edə bilməmələri ilə bağlı olub. Amma prinsiplər müəyyənləşəndən sonra heç kim keçirilən dialoqlardan qaçmaz. Azərbaycanda elə bir siyasi partiya yoxdu ki, ölkə üçün səmərə verəcək təklifdən yayınsın.


- Sizcə, nəyə görə uzun illər susan radikal müxalifət ərəb dünyasında baş verən vətəndaş qarşıdurmasından sonra fəallaşmağa və kücələrə çıxıb icazəsiz aksiyalar keçirməyə səylər göstərdi?

- Bu tək ərəb dünyasında baş verən hadisələrlə bağlı deyil. Sadəcə, biz seçkilərdən keçdik. Yəni, parlament seçkiləri oldu. Həmişə ölkədə keçirilən bütün seçkilər və seçki prosesi, o cümlədən də, parlament seçkiləri özü-özlüyündə cəmiyyətdə bir fəallıq yaradır. Güman edirəm ki, keçən ilin payızından başlayan bu fəallıq hələ davam edəcək.


- Necə düşünürsünüz, müxalifət partiyalarında uzun illər lövbər salan liderlərinin yeniləri ilə əvəzlənməsi daxili gərginliyi və qopmaları aradan qaldıra bilərmi?

- Bu qopmalar həmin partiyalar üçün təbii bir prosesdir. Əslində biz də partiyaların normal fəaliyyəti üçün şərait yoxdur. Yəni, partiyalar maliyyələşmir, bəzi partiyaların yerləri yoxdur. Bu da şübəsiz ki, həmin o qopmalara səbəb olur Yaxud 15-20 il müxalifətdə qalan bir partiyadakı üzvlər daimi olaraq işsiz qala bilməzlər və hansısa bir işin qulpundan yapışmaq istəyirlər. Bir sözlə, bunlar hamısı partiyanın mövqeyinə görə qopmalar deyil. Sadəcə olaraq, bunlar insan həyatının normal prosesləridir. Şübəsiz ki, bu kimi partiyalara kimlərsə gəlir, yaxud, kimlərsə gedir.


- Sizcə, müxalifətin yeniləşməsinə ehtiyac varmı və bu siyasi düşərgədə hansı əhval-ruhiyyə yarada bilər?

- Müxalifətin yeniləşməsi öz-özünə əhval-ruhiyyənin dəyişilməsi deməkdir. Burada hansı əhval-ruhiyyə yarada bilər, bəri başdan heç nə demək istəmirəm. Amma havanın dəyişilməsi həmişə yeni nəfəsin gəlməsi, yəni, gənclərin siyasi həyata qatılması deməkdir. Burada isə onlardan əvvəl yəni, 20 il bu meydanda olmuş adamlarla bir yerdə işləməsi Azərbaycanın siyasi həyatında peşəkarlığın artmasına səbəb olar.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə