Emin Həsənli: “Ermənilər yaxşı bilirlər ki, işğal etdikləri torpaqlarda daimi yaşaya bilməyəcəklər”- MÜSAHİBƏ (SƏS TV)

Emin Həsənli: “Ermənilər yaxşı bilirlər ki, işğal etdikləri torpaqlarda daimi yaşaya bilməyəcəklər”- MÜSAHİBƏ (SƏS TV)

Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin rəhbəri Emin Həsənli və Ordunun Dostları Mətbuat klubunun sədr müavini Məhəmməd Əliyevin SƏS TV-yə müsahibəsi:

- XX əsrin əvvəllərində Azərbaycan müstəqillik qazandı və öz ordusunu yaratdı. Əsrin sonlarında yenidən azadlığına qovuşan Azərbaycan öz silahlı qüvvələrini yaratdı. Bu iki dövrün ictimai- siyasi vəziyyətini necə müqayisə edərdiniz?

- Emin Həsənli: - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Orta və Yaxın Şərqdə yaranan ilk müsəlman cəmiyyəti olaraq yaranıb. Bunun da tarixi siyasi əhəmiyyəti var. Belə bir zamanda yeni müstəqillik əldə edən Azərbaycanın müstəqilliyi təhlükə altında idi. Onu da qeyd edim ki, Azərbaycan xalqı çox qəhrəman bir xalqdır. Tarix boyu Azərbaycanın bir sıra əraziləri işğal olunmasına baxmayaraq o, öz müstəqilliyini qoruyub saxlamaq üçün əlindən gələni edib. Bu gün Azərbaycanın hansı kəndlərinə baxsan, orada şəhid məzarları var. Bu hal Azərbaycan xalqının necə qəhrəman olduğunu bir daha sübut etmiş olur. Bu qədər şəhid verməməyimiz üçün onlara yaxşı təlim keçmək və zabitlər onlara rəhbərlik etməli idi. Bəzi vaxtlarda isə ordudan anlayışı olmayan orduya rəhbərlik edirdi. Bu halda bəzən ordunun xalq arasında olan nüfuzunu aşağı salırdı. Bizim ordunun müqayisə edilməyəcək dərəcədə güclü zabitləri var. Bunun bariz nümunəsini də keçən il vətən uğrunda canından keçən Mübariz İbrahimoğlunu misal çəkməklə göstərmək olar. Düşmən ordusunun əsgərləri isə öz vətənlərində belə hərbi xidmət etmək istəmirlər. Düşmənlər yaxşı bilirlər ki, işğal etdikləri torpaqlarda daimi yaşaya bilməyəcəklər. Bunu deməyə Azərbaycanın daxili iqtisadiyyatının və ordusunun güclü olması əsas verir. Yeni yaradılan texnikaları da 26 iyun silahlı qüvvələr günündə keçirilən hərbi paradda görəcəyik.

- Azərbaycan ordusunun beynəlxalq əlaqələri hansı səviyyədədir?

Məhəmməd Əliyev: Azərbaycan ordusu artıq kifayət qədər inkişaf edib. Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən qat- qat artıqdır. Onu da qeyd edim ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra silahlı qüvvələrdə bir irəliləyiş baş verdi.

- Azərbaycanın NATO-ya üzv olması nə dərəcədə realdır?

Məhəmməd Əliyev: Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, digər dövlətlər Azərbaycana ikili standartlarla baxır. Azərbaycan düzgün siyasət yeridərək tarazlıq siyasəti həyata keçirir. Düşünürəm ki, Azərbaycanın NATO-ya üzv kimi qəbul edilməsi bu tarazlığı poza bilər.

Emin Həsənli: Bütün münasibətlər qarşılıqlı və ikitərəfli olmalıdır. Hesab edirəm ki, Azərbaycanın NATO-ya üzv olması hələ real deyil. Ancaq buna baxmayaraq bizim hərbidə keçirilən bütün təlimlər NATO standartlarına uyğun şəkildə həyata keçirilir. Azərbaycan hakimiyyəti çox real bir siyasət aparır. Ermənistan bizim torpaqlarımızı işğal etdiyi üçün bir çox layihələrdən kənarda qalır.

- Ordu ilə ictimaiyyət əlaqələri hansı səviyyədədir?

Məhəmməd Əliyev: Ordu ilə ictimaiyyət əlaqələri hazırda yüksək səviyyədədir.

Emin Həsənli: Dünyada elə bir sahə yoxdur ki, orada hər şey mükəmməl şəkildə olsun. Hazırda biz müharibə şəraitindəyik. Buna görə də daima çalışmalıyıq ki, orduya dəstək olaq.

- Güclü ordu düşmənə münaqişənin sülh yolu ilə həll edilməsinə təsir göstərə bilərmi?

Məhəmməd Əliyev: Düşünürəm ki, güclü iqtisadiyyat münaqişənin sülh yolu ilə həll olunmasına müsbət təsir göstərə bilər. Təbii ki, güclü iqtisadiyyat güclü orduya gətirib çıxarır.

Emin Həsənli: Ermənistanda hazırda iqtisadiyyat çox acınacaqlı vəziyyətdədir. Onların orduları sanki qul dəstəsindən ibarətdir. Orada hətta hərbi təhsil müəssisəsi demək olar ki, yox səviyyəsindədir.

- Sülh və ya müharibə, bunların hansı işğal altında olan torpaqlarımızın azad edilməsi üçün real variantdır?

Emin Həsənli: Hesab edirəm ki, bu iki proses paralel şəkildə həyata keçirilməlidir. Ermənistan tərəfi çox yaxşı anlayırlar ki, müharibə qaçılmazdır. Ordumuzun bu qədər gücləndirilməsini elə belə etmirik. Təbii ki bütün bunlar torpaqlarımızı geri qaytarmaq üçündür. Ümummilli lider Heydər Əliyevin qoyub getdiyi siyasəti- torpaqlarımızın sülh yolu ilə geri qaytarılmasını həyata keçirməliyik.

Bütün xəbərlər Facebook səhifəmizdə