Cari ilin beş ayı ərzində baş verən 579 yol qəzası nəticəsində 108 nəfər ölüb

Cari ilin beş ayı ərzində baş verən 579 yol qəzası nəticəsində 108 nəfər ölüb

Bu ilin ilk 5 ayında Bakıda qeydə alınan yol qəzalarının 51 faizi avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov SİA-ya açqılamasında bildirib ki, ötən dövr ərzində Bakı şəhərində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində yol polisi əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı 147988 nəfər sürücü saxlanılaraq barələrində müvafiq tədbirlər görülməsi üçün inzibati protokol tərtib olunub. Belə ki, qayda pozuntularının 3051-i avtomobillərin sürücülük vəsiqəsi olmadan, 240-ı dövlət nömrə nişansız idarə olunması, 412-i hərəkət zamanı mobil telefondan istifadə edilməsi ilə bağlı olub: "Ötmə-manevr qaydalarını pozan 1082, avtomobillərinə pərdə və plyonka quraşdıran 3090, sərnişindaşıma qaydalarını pozan 1195, işıqforun qırmızı işığında keçən 5830, polisin qanuni əmrinə tabe olmayan 385 sürücü inzibati qaydada cəzalandırıb. 155 avtoxuliqan, 1803 sərxoş sürücü məsuliyyətə cəlb olunub. Yük avtomobillərinin konstruksiyasında dəyişiklik edilməsi ilə bağlı 67, "VAZ" markalı avtomobillərin konstruksiyasında dəyişikliklər edilməsi ilə bağlı 389, dayanma, durma qaydalarının pozulması ilə bağlı 617 fakt aşkarlanıb".

V. Əsədov bu ilin ilk beş ayında Bakıda 579 yol qəzasının qeydə alındığını, 569 nəfərin yol qəzasında xəsarət aldığını, 108 nəfərin isə öldüyünü deyib: "Qəzaların 49,8 faizi piyadaların vurulması, 24 faizi yol ayrıcını keçmə qaydalarının pozulması, 21 faizi isə qoşa xətti keçərək əks istiqamətdəki yol zolağına çıxma səbəbindən baş verib. Qəzalar daha çox Heydər Əliyev, Nobel, Babək, Tbilisi və Qara Qarayev prospektlərində qeydə alınıb. Ötən illə müqayisədə bu il yol qəzalarının sayı artıb".

Bütün xəbərlər Facebook səhifəmizdə