Səhiyyə Nazirliyi: “Hələlik bağırsaq virusu ilə bağlı təhlükəli hal aşkar edilməyib”

Səhiyyə Nazirliyi: “Hələlik bağırsaq virusu ilə bağlı təhlükəli hal aşkar edilməyib”

\"Azərbaycan Avropada müşahidə edilən bağırsaq infeksiyası ilə əlaqədar qabaqlayıcı tədbirlər görüb\". Azərbaycanın Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov SİA-ya açıqlamasında deyib ki, infeksiya ilə əlaqədar təmsil etdiyi nazirlik tərəfindən lazımi nəzarət və müayinələr həyata keçirilir: "Hələlik təhlükəli hal aşkar edilməyib. Sərhəddə Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları fəaliyyətədir. Hər hansı şübhəli hal olarsa, bizə xəbər veriləcək".

İnfeksiya ilə bağlı xaricə səfərləri məhdudlaşdırmaqla əlaqədar əhaliyə müraciət etməyə hələlik lüzum görmədiyini vurğulayan V. Qasımov bildirib ki, sözügedən infeksiya ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanda vəziyyətin monitorinqinin aparılmasına ehtiyac yoxdur: "Bu infeksiya yalnız çirkli əllər və çirkli tərəvəz vasitəsi ilə yoluxa bilər. Odur ki, insanlar hər hansı infeksiyaya yoluxmamaq üçün ilk növbədə şəxsi gigiyena qaydalarına əməl etməli və meyvə-tərəvəzləri təmiz yumalıdırlar".

Eyni zamanda "Azərbaycan Hava Yolları" QSC də Almaniyada yayılan infeksiya ilə bağlı qabaqlayıcı tədbirlərə başlayıb. Cəmiyyətin xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, bu günədək Almaniyadan, eləcə də Avropadan gələn sərnişinlərdə hələ ki, virus aşkarlanmayıb.

Qeyd edək ki, enterohemorragik bağırsaq çöpü cari ilin may ayının əvvəlindən Almaniyada 21, İsveçdə isə 1 nəfərin ölümünə səbəb olub. Qeyd edilən müddət ərazində, ümumilikdə, 13 ölkədə - Almaniya, İspaniya, İsveç, ABŞ, Çexiya, Danimarka, Niderland, Norveç, Böyük Britaniya, İsveçrə, Polşa, Avstriya, Fransada 2153 nəfər bakteriyaya yoluxub. Xəstələnən şəxslərdə bakteriyaya yoluxma simptomlarının onların Almaniyaya səfərindən qısa müddət sonra aşkarlandığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə