Bu gün “Bərabər hüquq və imkanlar” adlı sosial çarxın təqdimat mərasimi keçirilib
Bu gün "Bərabər hüquq və imkanlar" adlı sosial çarxın təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə millət vəkili Hadı Rəcəbli, Azərbaycana Yardım Təşkilatının piyar məsələləri üzrə nümayəndəsi Arzu Hüseynova, aparıcı Rahib Azəri, tele-aparıcı Ramal Hüseynov, UAFA-nın direktoru Qvendolin Börçel və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycana Yardım Təşkilatının piyar məsələlər üzrə nümayəndəsi Arzu Hüseynova tədbir haqqında danışıb: "Tədbiri keçirtməyimizdə əsas məqsəd əlil olan insanlara qarşı münasibətimizi dəyişməkdir. İstərdik ki, bu cür insanları məktəblərdə, iş yerlərində və digər ictimai yerlərdə görək".
Tədbirdə söz alan UAFA-nın direktoru Qvendolin Börçel öz fikirlərini söyləyib: "Azərbaycanda 560 min insan əlildir. 2 minə yaxın uşaq bizim xidmətimizdən bəhrələnib. Biz onlara hərtərəfli kömək etməliyik".
Tədbirdə çıxış edən tele-aparıcı Ramal Hüseynov bildirib ki, əlil olan uşaqlar üçün əlverişli şərait yoxdur: "Əlillərin hərəkətləri çox məhdudlaşdırılıb. Bu kimi problemləri cəmiyyətə çatdırmalıyıq".
Millət vəkili Hadı Rəcəbli çıxışında bildirib ki, hamımız bu insanlara qarşı mərhəmət hissimizi artırmalıyıq. Millət vəkilinin ifadəsinə görə, onlar da bizim kimi eyni hüquqa malikdirlər. Əlil olan insanlara bir təbəssüm yetər.
Öz fikirlərini dilə gətirən aparıcı Rahib Azəri bu kimi çarxların çox olmasını istəyib. Rahib Azərinin dediyinə görə, hər birimiz ən əsası azərbaycanlıyıq və onların yerinə biz də ola bilərik.
Qeyd edək ki, klip ssenari müəllifi Ramal Hüseynov və türkiyəli rejissor Abdullah Köyüş tərəfindən yüksək peşəkarlıqla HD formatda çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB