“İqlim dəyişmələri və ekoloji stabillik” adlı təlim kitabının və WWW. Mediaclimate.org saytının təqdimatı keçirilib - FOTO
Bu gün Mətbuat Şurasının və YUNESKO üzrə Milli Komissiyasının təşəbbüsü ilə media üçün "İqlim dəyişmələri və ekoloji stabillik" adlı təlim kitabının və WWW. Mediaclimate.org saytının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mətbuat Şurası sədrinin müavini və layihənin koordinatoru Umud Rəhimoğlu, YUNESKO-nun Azərbaycan üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, YUNESKO-nun Moskva ofisinin direktoru Dendev Badarç və başqaları iştirak ediblər.
İlk olaraq çıxış edən Umud Rəhimoğlu qonaqları salamlayaraq layihənin icrası barədə qısa məlumat verib. O qeyd edib ki, bu kitab jurnalistika tarixində bir yenilikdir: "Jurnalistlərin bu sahədə daha da yaxşı formalaşması üçün bu kitab çox vacib bir vəsaitdir. Artıq 130 təşkilata bu təlim kitabından paylanılıb".
Daha sonra çıxış edən Günay Əfəndiyeva vurğulayıb ki, bu kitabın nəşrini hələ keçən il Ekologiya ilinin elan olunması ilə bağlı keçirilən konfransda müzakirə edilib: "Bu təlim kitabının köməkliyi ilə əhalinin ekoloji biliklərini daha artırmaq mümkündür. Bu kitab həmçinin Bakı Dövlət Universitetinin tədris planına da salınıb".
Saytın tərtib edilməsində əsas məqsəd qlobal iqlim dəyişmələrinin işıqlandırılmasında KİV-in təcrübəsinin artırılmasına kömək etmək, jurnalistin bu mövzuda beynəlxalq layihə və tədbirlərdə iştirakına yardım göstərmək, problemlə əlaqəli məlumatlarının ölkədən kənara çıxma imkanını genişləndirməkdir.
Saytda qlobal istiləşmənin səbəbləri, əmələ gətirdiyi nəticələr, gələcək durumu və digər statistik məlumatlar öz əksini tapıb.
Qeyd edək ki, "İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim" layihəsi çərçivəsində ötən ilin dekabrında jurnalistlər üçün təlim xarakterli konfrans- seminar da keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB