Azərbaycan məktəbliləri İnformatika üzrə Beynəlxalq Olimpiadada iştirak edəcək

Azərbaycan məktəbliləri İnformatika üzrə Beynəlxalq Olimpiadada iştirak edəcək

Azərbaycan məktəblilərinin bu il Tailandda keçiriləcək İnformatika üzrə Beynəlxalq Olimpiadada iştirak etməsi üçün hazırlıq işlərinə başlanılıb. SİA-nın xəbərinə görə, bu məqsədlə AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzinin nəzdində Olimpiya Mərkəzi yaradılıb. Məktəblilərin olimpiadada iştirakı Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilati və elmi-metodiki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə baş tutacaq.

Olimpiadada Azərbaycanı Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin və Bakı Özəl Türk Liseyinin 9-11-ci sinif şagirdlərindən ibarət komanda təmsil edəcək. Olimpiada Mərkəzində treninqlər Bakı Dövlət Universitetinin dosenti, fizika-riyaziyyat elmləri namizədi Ramin Mahmudzadənin rəhbərliyi altında İTİ, BDU və digər ali təhsil müəssisələrinin aparıcı alim və mütəxəssisləri tərəfindən aparılacaq.

İyulun 17-dək davam edəcək hazırlıqlar komanda üzvlərinin informatikanın riyazi əsasları, alqoritmlərin işlənib hazırlanması və analizi, proqramlaşdırmanın əsasları, əməliyyat sistemləri, proqramlaşdırma texnologiyasının əsasları, hesablama metodları və modelləşdirmə, kompyuter şəbəkələri texnologiyaları sahəsinə dair bilik və bacarığının daha da artırılması, bu biliklərin mürəkkəb məsələlərin həllində qısa zamanda tətbiq edilməsi qabiliyyətinin formalaşması məqsədi daşıyır.

İnformasiya texnologiyaları sahəsi üzrə bilik yarışında dünyanın 84 ölkəsindən olan yuxarı sinif şagirdləri iştirak edəcəklər. Taylandın kurort məkanı Pattay iyulun 22-dən 29-dək kompyuter elmi sahəsində yüksək bilik və intellektual səviyyə nümayiş etdirmək əzmində olan gənc virtuozların mübarizə meydanına çevriləcək. Tədbirin təşkilatçıları Tailand Təhsil Nazirliyi, Elm və Texnologiyaların İnkişafı İnstitutudur. Azərbaycan məktəbliləri İnformatika üzrə Beynəlxalq Olimpiadada iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə