Gəncədə binaların zirzəmiləri antisanitariya mənbəyinə çevrilib - FOTO
Gəncədəki mənzillərin zirzəmiləri yoluxucu xəstəliklərin yayılması üçün əlverişli məkana çevrilib. Şəhərin demək olar ki, əksər yaşayış binalarında, xüsusilə çoxmərtəbəli binaların zirzəmiləri bu gün antisanitariya mənbəyinə çevrilib. Şəhərin Gülüstan qəsəbəsindəki yaşayış binalarının zirzəmilərində istənilən məişət tullantısına rast gəlmək mümkündür. Bundan əlavə kanalizasiya xətlərinin eroziyaya uğraması ilə axan çirkab suları binaların zirzəmilərinə dolur. Tikililər bu gedişlə uçma təhlükəsi ilə üz-üzə qala bilər.
Əhalinin sözlərinə görə havaların isinməsi ilə pis qoxuların təsirindən və müxtəlif
həşəratlardan evlərdə yaşamaq mümkünsüzdür. 1985-ci ildə inşa olunan binaların zirzəmilərində bu günə kimi yoluxucu xəstəliklərə qarşı mübarizə istiqamətində heç bir qabaqlayıcı tədbirlər görülməyib.
Gəncə şəhər Dezinfeksiya İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, havaların isinməsi, yəni mövsüm dəyişikliyi ilə dezinfeksiya tədbirləri gücləndirilib.
Bu günlərdə Səhiyyə Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən imzalanan sərəncama uyğun olaraq uşaq bağçaları, məktəblər və məcburi köçkünlərin yaşadığı ərazilər dezinfeksiya edilir.
Ancaq, sərəncam fərdi yaşayış binalarına şamil edilməyib. Stansiyanın sədri Səlbi Cəfərova bildirib ki, mənzillərin binalarında dezinfeksiya tədbirlərinin aparılması üçün ərazilərin mənzil istismar sahələri yuxarıda adı çəkilən qurumla müqavilə bağlamalıdır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB