Emin Həsənli: “Ordu mövzusunda iqtidar-müxalifət olmamalıdır” - MÜSAHİBƏ

Emin Həsənli: “Ordu mövzusunda iqtidar-müxalifət olmamalıdır” - MÜSAHİBƏ

Tərxis Olunmuş Hərbçilərin İctimai Birliyinin sədri Emin Həsənlinin SİA-ya müsahibəsi

- Döyüş bölgəsinə səfəriniz hansı xoş xatirələrlə yadda qaldı?

- Çox əhəmiyyətli görüş oldu. Həm ona görə ki, qeyri-hökumət təşkilatları ilə Müdafiə Nazirliyi arasında xeyli vaxtdır davam edən əməkdaşlıq bir az da genişləndi. 2005-ci ildə "Ordunun dostları" mətbuat klubu jurnalistləri tez-tez cəbhə bölgəsinə gətirirdi. Bütün bölgələrdə görüşlər keçirilirdi. Bu gün keçirilən görüş geniş əhəmiyyət daşıdı, hərbiçilərimizin hərbi şəraiti ilə yanaşı, biz həm də hərbi təlimi gördük. Təmas nöqtələrindən düşmən mövqelərini müşahidə etdik. Daha sonra tibb taborunda olduq, əsgərlərin sağlamlığı ilə bağlı məlumat əldə etdik, yataq və istirahət yerlərini gördük. Onlarla bir yerdə olduq, bir gün keçirdik. Bu baxımdan silahlı qüvvələrə ictimai nəzarət çox önəmlidir. İkincisi, şəffaflığı artırır. Üçüncüsü, ictimaiyyət ordu barəsində daha dəqiq məlumatlar əldə edə bilir, KİV-ə məlumatlar verilir. Dördüncüsü, bu əsgərlər üçün mənəvi-psixoloji cəhətdən çox əhəmiyyətlidir. Ölkənin tanımış adamları cəbhə xəttinə gəlir, tez-tez hərbi qulluqçularla görüşür, onlara mənəvi-psixoloji dəstək verir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinə ölkə rəhbərliyi, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox yüksək diqqət var. Hər dəfə büdcə artımında Silahlı Qüvvələrin büdcəsi artır. Biz bunun nəticəsini ön xətdəki əsgərlərin şəraitində, kazarmalarındakı vəziyyətdə gördük. Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi müasir silahlarımızı gördük.

Ümummilli Liderimiz demişkən, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Biz bir daha bunun əyani şahidi olduq. Bizim ordunun maddi-texniki bazası çox güclüdür, əsgərlərə yalnız mənəvi dəstək lazımdır. Bu günlərdə də bu həyata keçirilir. Eləcə də jurnalistlərin peşəkarlığı artır, səngərdə hərbiçilərlə işləmək onlar üçün bir treninq rolunu oynayır. Sabah müharibə başlayanda jurnalistlər həm beynəlxalq aləm, həm də ölkə ictimaiyyəti üçün informasiya vermək qaydalarını öyrənirlər və silahlı qüvvələrlə birgə əməkdaşlıq edirlər. Hesab edirəm ki, bu hal davam edəcək. Get-gedə də daha genişlənəcək. Tanımış hüquq müdafiəçilərinin, hərbi yönümdə qeyri-hökumət təşkilatlarının, jurnalistlərin, millət vəkillərinin bu səfəri çox önəmlidir. Biz demokratik ölkədə yaşayırıq və hüquqi dövlət quruculuğu ilə məşğuluq. Cənab Prezident də ölkənin bütün sahələrinə ictimai nəzarətin vacib olduğunu bildirir. Sevindirici haldır ki, ölkənin silahlı qüvvələrinin rəhbərliyi və Müdafiə Nazirliyinin rəhbərliyi buna müsbət yanaşır və beləcə əməkdaşlığın davam etməsini istəyir. "Açıq qapı" günləri keçirir və tez-tez ictimaiyyət nümayəndələri hərbi bölgələrdə olur. Ordu bizim hamımızındır, ordu mövzusunda iqtidar-müxalifət olmamalıdır. Hamı ordunu sevməlidir. Orduya hərə öz sahəsində dəstək verməlidir. Ümummilli Liderimiz deyirdi ki, müstəqil Azərbaycanda ən şərəfli peşəsi vətəni qorumaqdır. Ən şərəfli peşənin daşıyıcısı olan zabitlərimizə birmənalı olaraq müsbət münasibət olmalıdır. Hamı onları sevməlidir dəstəkləməlidir. Cinsindən, siyasi mənsubiyyətindən, tutduğu mövqedən asılı olmayaraq hərə öz sahəsində diqqət və qayğını artırmalıdır. Ordu məsələsinə qrup mənafeyindən partiya mənafeyindən baxmaq olmaz. Ordu məsələsinə vətəndaşlıq mənafeyindən baxmaq lazımdır. Bu bizim həm konstitusion, həm də mənəvi borcumuzdur. Çox sevindirici haldır ki, ordu güclənir ordu haqqında bir mənalı fikir formalaşır və hamı böyük əksəriyyət o günü gözləyir və inanırıq ki, bizim ordumuz torpaqlarımızı işğaldan azad edəcək. Bu il "Eurovision"da bizim əldə etdiyimiz qələbədə onu göstərir ki, azərbaycanlılar hər şeyə qadirdir.

Ötən ilə qədər heç kəs Mübariz İbrahimovu tanımırdı. Onu ancaq ailə üzvləri və yaxınları tanıyırdı. Bu gün isə nəinki Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, hətta düşmənlərimiz də tanıdı. Niyə? Ona görə ki, çox böyük vətənpərvərlik nümunəsi göstərdi. Mübariz İbrahimov sübut etdi ki, Azərbaycan əsgəri erməni əsgərindən qat-qat güclüdür. Azərbaycan hərbiçisi cəsarətlidir, Azərbaycan hərbiçisi qalib gəlməyə qadirdir. Azərbaycan hərbiçisi qələbə çalacaq. Gün o gün olacaq biz Şuşanı, Xankəndini, Azərbaycanın bütün torpaqlarını işğaldan azad edəcəyik və Azərbaycan xalqı böyük bayramı qeyd edəcək.

- Ordunun hazırkı vəziyyəti sizi qane edirmi və ordunun dostu olaraq ordumuzda nə kimi yeniliklər görmək istərdiniz?

- Bəli, biz bu gün orduda yenilikləri gördük. Müasir silahları, texnikanı. Bu gün Azərbaycanın çox güclü hərbi sənaye kompleksi var, Müdafiə Sənayesi Nazirliyi var. Parad günündə biz müasir texnikanı görəcəyik. Hesab edirik ki, Azərbaycan ordusu xeyli güclənib. Bu gün Azərbaycan Ordusunun güclənməsinə baxmayaraq beynəlxalq aləmdə təcridlər var. Azərbaycan nə qədər ki, torpaqlarımızı işğaldan azad etməyib, biz hərbi büdcəmizi də artıracağıq, ordumuzu da gücləndirəcəyik . Bu gün Azərbaycan ordusu xalqın ən böyük ümidlərindən biridir. Torpaqlarımızı işğaldan yalnız Ordumuz azad edə bilər. O gün mütləq olacaq.

MAMED BAĞIROV

Bütün xəbərlər Facebook səhifəmizdə