Azərbaycanın xarici işlər naziri: “Ermənistan razılıq versə, “Yol xəritəsi”ndə əksini tapan prinsiplər çərçivəsində sülh sazişi üzərində işə başlaya bilərik”

Azərbaycanın xarici işlər naziri: “Ermənistan razılıq versə, “Yol xəritəsi”ndə əksini tapan prinsiplər çərçivəsində sülh sazişi üzərində işə başlaya bilərik”

"Dağlıq Qarabağ probleminin həlli ilə bağlı "Yol xəritəsi"ndə bəlli məsələlər var. Lakin bəzi məsələlər açıq qalır, çalışacağıq ki, onu da yekunlaşdıraq və sülh sazişi üzərində işə başlayaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağda referendum keçirilməsi ilə bağlı hər hansı razılıq əldə olunmayıb. Nazir eyni zamanda prezidentlərin Kazan görüşünə hazırlıq barədə də danışıb: "Çalışırıq ki, bu görüş ərəfəsində elə bir mühit yaradaq, elə edək ki, hansısa addım ata bildiyimizi göstərək". Qoşunların təmas xətində atəşkəsin pozulması halları barədə suala cavabında nazir bunları deyib: "Bu müharibədir. Toqquşmalar ola bilər. Bunu aradan qaldırmaq üçün Ermənistan qoşunları işğal etdiyi ərazilərdən çıxarılmalıdır. Deyirlər ki, snayperlər cəbhə xəttindən çıxarılsın. Lakin bunun üçün ilk növbədə Ermənistan qoşunları işğal altında olan ərazilərdən çıxarılmalıdır. O zaman snayperlər də mövqelərini dəyişəcək. Erməni qoşunları işğal altında olan ərazilərdən nə qədər tez çıxarılsa, sülhə o qədər tez nail olunar. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müəyyən prinsiplər var. Bunlar qoşunların işğal edilmiş ərazilərdən çıxarılması, kommunikasiyanın açılması, ərazilərin bərpası, məcburi köçkünlərin öz evlərinə qayıtması, sülhməramlı qoşunların yerləşdirilməsi və sairdir. Bunlar "Yol xəritəsi"ndə də var. Çalışırıq bunların üzərində işi davam etdirək. Ermənistan razılıq versə, bu çərçivədə sülh sazişi üzərində işə başlaya bilərik".

"Prezidentlərin Kazan görüşündə sadalananlarla bağlı bir nəticə gözləmək olarmı" sualına isə E. Məmmədyarov bu barədə nəsə deyə bilməyəcəyini açıqlayıb. Nazir Azərbaycanın işğal altında olan yeddi rayonunun ermənilər tərəfindən boşaldılması ilə bağlı Kazanda razılıq əldə olunub-olunmayacağı barədə suala da indidən cavab verə bilməyəcəyini deyib: "Bu barədə nəsə demək hələ tezdir".

E. Məmmədyarov həmçinin bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni təkliflərlə gəlməyiblər: "Bu səfərdə əvvəlki təkliflər əsasında müzakirələr aparılır". Nazir həmsədrlərin bu gün Bərdədən Dağlıq Qarabağ ərazisinə yola düşəcəklərini, oradan isə İrəvana gedəcəklərini açıqlayıb: "İrəvanda müzakirələr davam etdiriləcək, şənbə günü Moskvada Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşlər olacaq".

"Ermənistan qoşunları işğal altında olan ərazilərdən çıxarılandan sonra ərazidə yerləşdiriləcək sülhməramlı qoşunların tərkibi necə ola bilər" sualına isə nazirin cavabı belə olub: "Razılaşmaya əsasən, sülhməramlı qoşunların tərkibində həmsədr və qonşu ölkələr təmsil olunmayacaq. Tərkib müzakirə edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə