Nədir bizim üçün həyat? Bizi daim düşündürən bu sual bəlkə də hər birimizə sanki çox sadə bir məsələ kimi görünür. Halbuki, əksər zamanlarda cavab kimi: "Əşşi, beş günlük dünyadır" deyə bir ifadə ilə rastlaşır və əsl həqiqətin də bu olduğunu düşünürük. Heç zaman fərqinə varmırıq ki, həyatımızı bu "beş gün" şəklində düşündükcə yaşamımızı da məhz bu "günlər" ərzində keçərli olacaq məqsədlər üzərində qururuq. Bu zaman həyatı böyük bir ticarət mərkəzinə bənzədirik və burada pullarla düzgün "davranan" insanlar mərkəzin ən bacarıqlı ticarətçisinə çevrilir ki, adətən müasir dünyamızın xoşbəxt insanları da məhz onlar sayılır. Həyatımızı bu "beş gün" prinsipi ilə qurduqca sevgini, əxlaqı, dəyərlərimizi də təsəvvür etdiyimiz bu ticarət mərkəzindən müəyyən məbləğə əldə edə biləcəyimizi düşünürük, bu səbəbdən sərvət arxasınca yeriyərkən itirə biləcəyimiz bu dəyərlərimiz üçün heç də narahat olmuruq. Pulun, var-dövlətin kölgəsində gizlənən ümidlərimiz bizi həyatın əsl məqsədindən kənarda qoyur. Sərvət üçün sevir, sərvət üçün çalışır və yalnız sərvət üçün insanlara hörmət bəsləyirik... Həyat istiqamətində getdiyimiz məqsəd yolunun səkiləri pul, var-dövlətlə qurulduqca yollarımız daralır və bu yolun sonunun yalnız bu səkilərdən ibarət olduğunu düşünürük...
Ətrafında müzakirə
apardığımız bu prinsiplər əslində daim dünya dahiləri tərəfindən qlobal məsələ
kimi ön plana çəkilmişdir. Bu dahilər sırasında amerika ədəbiyyatının önəmli
simalarından sayılan Henri Devid Toronun " prinsipsiz həyat" adlı məşhur əsərində
vurğuladığı fikirlər bu mənada olduqca böyük önəm daşıyır. Daim millətini sevən,
onun gələcəyini, elmini, dəyərlərini düşünən yazıçı əsərləri ilə bütün amerikanlara
təsir edirdi. Oxucularına millət sevgisi aşılayan Toro həyatın qayəsini pulda
deyil, insanlara sevgidə və hörmətdə görürdü, özünün də vurğuladığı kimi: "Bugün
pul xatirinə sənə hörmət edən insanın sabah elə məhz pul xatirinə sənə nifrət
edə biləcəyini unutma".
Bu tip düşüncə sahibləri
heç də az deyil və onların söylədikləri dəyərli fikirlər bu gün də öz
aktuallığını saxlamaqdadır: Robert Boş: "İnsanların etibarını itirməkdənsə
pulumu itirməyi üstün tuturam", Məhəmməd peyğəmbər(s): "İnsanların ən xeyirlisi
digərlərinə fayda verənidir" və s.
Adları sadalanan dahilərin həyatda ikən ən vacib məqsədləri məhz
insanları mənəvi dünyalarına qaytarmaq, onlarda sevgi, vətənə sədaqət hisslərini,
düzgün həyat prinsiplərini aşılamaq idi. Əlbəttə bu fikirlər daim insanların
diqqətini cəlb edir, lakin əsas məsələ bizim bu prinsipləri nə dərəcədə həyata
keçirə bilməyimizdir. Əsas olan bu fikirləri eşidib düşündükdən sonra həyatımızı
da bu məqsədlər üzərində qurmaqdır. Əlbəttə bu, o anlama gəlməz ki, sərvət üçün
çalışmaq bizi hər bir halda həyatın yalnız qara səhifələrinə aparacaq yeganə
yoldur, sadəcə pulun qulu deyil, pulu özünə qul etməyi əlində məqsəd tutasan gərək.
Doğrudur, bu gün vətəni üçün çalışan, onun gələcəyini düşünən insanların dəyəri
dərhal hiss olunmur, amma illər sonra bu insanlar öz millətinin əsl qəhrəmanına
çevrilir... Əlbəttə hər kəs qəhraman ola bilməz, lakin ən azından onlara dəyər
verməyi hər birimiz bacararıq, yetər ki millətin bir parçası olduğumuzu dərk edək.
Gəlin kapitalizm adlandırdığımız müasir cəmiyyətdə əsas ona çalışaq ki, mağaza köşklərində satılan məhsulların
arasında ən azından sevgimiz, sədaqətimiz, əxlaqımız yer almasın...
İslam Mirzəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB