Fazil Mustafa: “Azərbaycan zabitinin, əsgərinin sosial vəziyyəti daha da yaxşı olmalıdır” - MÜSAHİBƏ
Millət vəkili Fazil Mustafanın SİA müsahibəsi
- Azərbaycan Ordusundakı bugünkü vəziyyəti necə qiymətləndirirsiniz?
- Bir neçə dəfə Müdafiə Nazirliyinin təşkil etdiyi tədbirlərdə iştirak etmişəm. Təmas xəttindəki ayrı-ayrı hərbi hissələrdə olmuşuq. Müşahidə etmişik ki, Azərbaycan əsgəri silahla davranmaq üçün kifayət qədər yüksək səviyyədə hazırlıq məktəbi keçib. Azərbaycan əsgəri həm ağır texnikanın idarə olunması, həm də müxtəlif növ silahların istifadə olunmasında çox böyük peşəkarlıq nümunəsi göstərir və bu da bizdə qürur hissi yaradır. Vətənpərvərlik təkcə sözdə olmur, həm də peşəkarlıqda olur, döyüş hazırlığının yüksək səviyyədə mənimsənilməsi ilə olur. Bu gün bunu öyrənmək və bunu görmə baxımından böyük fürsət əldə etdik. Mən hesab edirəm ki, birinci növbədə Azərbaycan zabitinin, Azərbaycan əsgərinin sosial vəziyyətinin daha da yaxşı olması üçün bütün səylərimizi birləşdirməliyik. Arxa cəbhədə olanlar ordumuzun bugünkü çətin şəraitdə xidmətlərini hər zaman öz həyatlarında, öz gündəlik yaşamlarında hiss etməlidirlər. Buna həmişə özlərinin borcu kimi baxmalıdırlar ki, mən ona nə töhfə verə bilərəm, nə kimi kömək edə bilərəm. Hər kəs bunu ayrılıqda başa düşünməlidir. Milli Məclisdə məncə, bu istiqamətdə, xüsusən ordu quruculuğu istiqamətində qanunvericilik bazasının genişləndirilməsi, xüsusilə sosial vəziyyətin yaxşılaşdırılması, əmək haqlarının yüksəldilməsi istiqamətində müəyyən təşəbbüslərin artırılmasına ehtiyac var. Ola bilsin ki, başqa şəraitdə yaşayan insanlar haradansa bir yer tapıb çörək pulu qazana bilərlər, bir şəhərdən başqa şəhərə gedib hardasa nəsə əldə edə bilərlər. Ancaq bunlar postu qoyub harasa gedəsi insanlar deyillər, ona görə də bunların bütün təminatlarını yüksək səviyyədə həyata keçirməliyik ki, fikirləri arxada qalmasın. Ancaq onu düşünməlidirlər ki, burdan düşmənin hər hansı bir tərəfə keçməsi mümkün deyil. Burdan düşmən tərəfə isə addım-addım irəliləmək lazımdır. Mən ümid edirəm ki, müharibənin olub-olmamasından asılı olmayaraq ordu həmişə yüksək döyüş hazırlığında olmalıdır və buna da vətəndaşlar inamla dəstək verməlidir. Çünki müharibə təkcə əlində silah tutan əsgərlə aparılmır. Müharibə bütün vətəndaşlarla birgə aparılır, yəni ona çörək gətirən, ona sonuncu imkanını sərf edən hər bir vətəndaşla bir yerdə aparılır. Birliyi yaratmaq, inamı yaratmaq hamımızın vəzifəsidir. Ona görə də bu aksiyalarda bu tədbirlərdə hamımız səmimi şəkildə iştirak edirik, çalışırıq ki Azərbaycan əsgərinin zabitinin vəziyyətini dərindən görək, tanıyaq, hansısa problemlərini görək. Əgər neqativ hallar varsa bunu da gizlətməyək, bunu da görək. Bəzi hallar var ki, ordu quruculuğu ilə bağlı ictimaiyyətə geniş şəkildə söyləmək doğru olmaz. Amma ordu rəhbərliyinə öz fikirlərimizi tənqidi qeydlərimizi çatdıraq ki, neqativ məsələlər ortadan qalxsın.
- Cəbhə xəttində silahı əlinizə alanda hansı hislər keçirdiniz və hansı duyğular yaşadınız?
- Keçmişdə hərbi qulluqda olan bir insan kimi çox duyğulu anlar yaşadım. Həm silahdan istifadə etməyim həm də müəyyən əsgər ab-havasını görmək, döyüş ab-havasını görmək, düşmən səngəri qarşısında olmaq, hamısı bir məsuliyyət duyğusu yaradır ki, biz hamımız əvvəl axır gəlib bu səngərdən keçməliyik.
- Orduda baş verən neqativ hallarla bağlı fikrinizi bilmək istərdik
Təbii ki, ordu böyük bir orqanizmdir. Bu orqanizmdə hansısa bir ağrıların, hansısa bir neqativ proseslərin olması qaçılmazdır. Qeyd edək ki, əldə silah varsa, həm də risk var, təhlükə var. Həmişə bu təhlükə riski nəzərə alınmalıdır. Ona görə də bəzən neqativ halların hədsiz şişirdilməsi ordu haqqında təsəvvürlərin bir az dəyişməsinə gətirib çıxarır. Biz buna yol verməməyə çalışmalıyıq. Təbii ki, neqativ hallara qarşı mübarizə aparmaq lazımdır.
MAMED BAĞIROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB