Zəlimxan Məmmədli: \"Azərbaycanın Borçalıya, Gürcüstana münasibəti vahid məsələ ilə idarə olunmalıdır\" - MÜSAHİBƏ (SəsTV)

Zəlimxan Məmmədli: \"Azərbaycanın Borçalıya, Gürcüstana münasibəti vahid məsələ ilə idarə olunmalıdır\" - MÜSAHİBƏ (SəsTV)

"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin SƏS TV-yə müsahibəsi


- Zəlimxan müəllim, Gürcüstanda yaşayan azərbaycanlıların bəzən haqları pozulur. Məktəblərdə şagirdlərin, eləcə də müəllimlərin normal təhsil almaq və vermək hüququ pozulur. Siz, "Borçalı" Cəmiyyətinin sədri kimi bu vəziyyətdən narazı deyilsinizmi?


- Təbii ki, hər zaman həm razı, həm də narazı olduğumuz məqamlar var. Biz proseslərə həqiqətin gözü ilə baxmalıyıq. Azərbaycanın regionda mövqeyi, Ermənistanın işğalçılıq siyasəti, Gürcüstanla strateji tərəfdaşlıq münasibətləri gündəlik müzakirə mövzusudur. Azərbaycanl Gürcüstanın münasibətlərinin daha yüksək səviyyədə qurulması vacibdir. Regionda sülhün zəmanəti bu iki dövlətin münasibətlərinin necə qurmasından asılıdır. Təbii ki, Gürcüstandakı vətəndaşların hüquqlarının qorunması ilə bağlı zaman-zaman monitorinqlər aparılır, müraciət edənlərin şikayətləri araşdırılır. Biz çeşidləmişik ki, sosial yönümlü problemlərin siyasiləşdirilməsi yanlışdır. Azərbaycan və post-sovet ölkələrinin bəzilərində xarakterik xüsusiyyət var. Belə ki, sosial müdafiə ilə bağlı bu dövlətlər Avropa ilə müqayisə oluna bilməz. Gürcüstanda da bu proseslər var və onun təbii resursları yetərli deyil, turizm daha çox gəlir gətirdiyi sahədir. Bu problemlər mövcuddur və o siyasiləşdirilmir. Amma təbii ki, elə problemlər var ki, onlar zaman-zaman süni, məqsədyönlü şəkildə yaradılıb. Bunun bir hissəsi də Borçalıda 36-a yaxın kəndin adının dəyişilməsidir. Bundan əlavə, məktəblərdə diskriminasiya meylləri, məktəblərin bağlanması istiqamətində və yaxud milli kadrlar yoxmuş kimi 8-ə yaxın məktəbdə gürcü direktorlar rəhbərlik etməsi dediyimiz problemlər sırasındadır. Hətta Kartli bölgəsində yerləşən 11 Azərbaycan kəndində 1 dənə də olsun məktəb yoxdur və oradakı insanların hamısı gürcü dilində təhsil alırlar. Bu da həmin insanların zaman-zaman milli kökdən uzaqlaşmasına aparıb çıxaracaq. Bu problemlərimiz var və onları süni yaradılan problemlər hesab edirik. O cümlədən torpaq üzərində mülkiyyət hüququnun pozulması halları baş verir. Belə ki, oradakı insanların hüquqi maarifləndirmə sistemi olmadan açıq hərraclar formasında ayrı-ayrı oliqarxlar tərəfindən torpaqlar mənimsənilib. Bundan başqa, dini dözümsüzlük elementləri müşahidə olunur. Bunu süni yaradılan problem hesab edirəm. Bu və ya digər məsələlərə dözümsüz yanaşmağın adı yalnız birdir. Gürcüstan demokratik dövlətdirsə, onun dini məsələlərinə şərait yaradılmalıdır. O cümlədən müsəlman olan kəndlərin girəcəyində və çıxışında xaçların qurulması süni yaradılan bir problemdir. Bütün Gürcüstan üzrə monitorinq aparılıb. Məlum olub ki, yalnız Bolnisi rayonunda türk kəndlərinin girəcəyində-çıxacağında və Batumi rayonunun 2 kəndində xaş işarələri var. Bu inteqrasiya prosesinə mane olan fakt olmaqla bərabər, həm də dini dözümsüzlük deməkdir. Bunlar maneəçiliklər, xətalardır və biz də bu problemləri qaldırmışıq. Bu problemlər aradan qalxmasa, ondan yalnız düşmənlər və sülhü istəməyən qüvvələr yararlana bilərlər.



- Gürcüstanın Azərbaycanın 20% torpaqlarını işğal edən Ermənistanla hərbi müqavilə bağlamaq istəyi maraqlı görünmür ki? Bundan əlavə, Gürcüstanın Cavaxetiya bölgəsində ermənilər hakimiyyətə qarşı ultimativ tələblər irəli sürüb, muxtariyyət istəmələrinə Yerevanın da dəstək verməsi fonunda Gürcüstan rəhbərliyinin susması nə ilə izah oluna bilər?


- Burada bir sıra faktorlar var. Belə ki, Ermənistan Rusiya ilə hərbi müttəfiqdir. O cümlədən Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Ermənistanın mövqeyi Rusiyanın əlaltısı, regionda sülhü, sabitliyi pozmaq üçün bir dəyənək rolunu oynamaqdır. Azərbaycana qarşı ermənilərin əli ilə süni şəkildə Dağlıq Qarabağ problemi yaradılıb. Bundan əlavə, Gürcüstanda islahatlar müəyyən dərəcədə gedir, bu ölkə Avropaya inteqrasiya edir, NATO-nun üzvü olmaq istəyir və onun ərazisində etnik separatçı qüvvənin rus olduğunu bəyan edir. Burada açıq şəkildə psixoloji bir mübarizə gedir. Hətta Gürcüstanın indiki siyasətinin aydın mövqeyi var ki, indiki bu cəngəllikdən çıxıb inkişaf etməkdə olan Avropaya yaxınlaşmaq istəyir. Burada Ermənistanın Gürcüstanın daxili siyasətinə təsir etmək imkanları genişdir. Gürcüstanda soyadını dəyişmiş ermənilər var. Amma təbii ki, Cavaxetiya ermənilərinin fəallaşması da Rusiyanın təkidi ilə baş verir. Gürcüstanı onların əli ilə vurmağa çalışırlar. Gürcüstan bütün hallarda Ermənistanla münasibətləri neytral mövqedə saxlamaq xəttinə önəm verir. Gürcüstan ayrıca bir dövlətdir və özünün milli təhlükəsizlik maraqları var. Region dövlətləri ilə münasibətləri qurmaq üçün öz siyasəti var. Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə ilə eyni baxış mövcuddur və biz istəyirik ki, Gürcüstanla da bunu edək. Bu kifayət qədər ciddi bir məsələdir. Gürcüstanın milli maraqları Ermənistanla daha loyal, ağrısız və əlavə problem yaratmayan bir siyasətdir.


- Gürcüstan-Azərbaycan əlaqələrini qənaətbəxş hesab etmək olarmı? Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün siyasi iradə nə qədərdir?


- Təbii ki, Gürcüstan üçün Azərbaycan ən güclü investor, tərəfdaşdır. Gürcüstan-Azərbaycan arasında iqtisadi, siyasi, hərbi sahədə ciddi müqavilələr var. Gürcüstan və Azərbaycan bir-birini təhlükəsiz zona elan edirlər. Bu ölkələrin dövlət başçılarının bəyanatlarında da zaman-zaman iki dövlətin strateji müttəfiqliyi və strateji tərəfdaşlığın konfederasiya modelinə aparmasına dair fikirlər səslənib. Mən hesab edirəm ki, bu, real modeldir. Regionda Azərbaycan-Gürcüstan əlaqələrinin tarixi kökləri var. Tarixən bu dövlətlərin bir-birinə həyan olma anları daha çox olub. Görünür ki, XXI əsrdə də Gürcüstan Azərbaycanı bir-birinə himayə etmə imkanları üzərində daha çox düşünürlər. Yəni, biz ən ağır investorlu dövlətik, eyni zamanda soydaşlarımızın problemləri mövcuddur və bu da müəyyən problemlər yaradır. Bizim soydaşlarımıza qarşı yaradılan problemlər bizi düşündürür. Mənə elə gəlir ki, Azərbaycanın Gürcüstana yönəlik siyasəti ciddi mahiyyət kəsb etməlidir. Çünki orada Borçalı türkləri var. Azərbaycanla sərhəddə 500 min insan yaşayır. Bu ərazi Azərbaycan üçün tarixi, strateji əhəmiyyətli bir məkandır. Bu məkanın və oradakı soydaşlarımızın yerində güclənməsi və mühüm ictimai-siyasi proseslərdə iştirak etməsi çox ciddi məsələlərdir. Ancaq təəssüf ki, Azərbaycandan bəzi halda düşünülməmiş və yaxud vahid mərkəz sistemindən kənar dağınıq bir proses gedir. Bu proses isə əlavə məsrəflər, enerji itkisidir. Bununla bağlı dövlət başçısına müraciət etmişik ki, Azərbaycanın Borçalıya, Gürcüstana münasibəti vahid məsələ ilə idarə olunmalıdır. Konkret dövlət baş verən proseslərə münasibət bildirə bilmir və yaxud bu daxili işlərə qarışma kimi qiymətləndirilə bilər. Həm vətəndaşların cəmiyyətə inteqrasiyasına nail olmaq, Azərbaycan elitasını gürcü elitasına yaxınlaşdırmaq lazımdır. Bundan başqa, gürcüləri inandırmaq lazımdır ki, Borçalı güclənsə də onlar üçün təhlükə mənbəyi deyil. Borçalı Cəmiyyəti bu modeli təklif edir. Bu olacağı təqdirdə çox ideal bir formada siyasətimizin yetkin olduğunu deyə bilərik. Nə qədər ki, xaotiklik, əlavə qüvvələr, ondan bəhrələnən başqa qüvvələr olur.


Bütün xəbərlər Facebook səhifəmizdə